AZ

Tural Abbaslı: “İstintaqa daha çox şəxsin cəlb olunacağı istisna edilmir”

“Artıq iki aydan çoxdur ki, sabiq AMEA prezidenti Ramiz Mehdiyev barəsində başlanılmış cinayət işi üzrə istintaq davam edir. Bu müddət ərzində Mehdiyevlə bağlı müxtəlif faktlar və iddialar mediada yer alıb. İlk gündən prosesin yalnız onunla məhdudlaşmadığı, müxtəlif sahələrdən şəxslərin də araşdırmalara cəlb oluna biləcəyi barədə ehtimallar səsləndirilirdi”.

Bu barədə Editor.az-a açıqlamasında Ağ Partiyanın başqanı Tural Abbaslı danışıb.

Sədr qeyd edib ki, siyasi düşərgələrdən də müəyyən şəxslərin istintaqa cəlb edilə biləcəyi ilə bağlı müzakirələr uzun müddətdir ictimai gündəmdə idi:

“Təxminən 50 nəfərlik Dövlət Şurasının siyahısı yayımlandıqdan sonra bəzi media qurumları burada Əli Kərimli və Gültəkin Hacıbəylinin adlarının hallandığını bildirdi. Hər iki şəxs məsələ ilə bağlı münasibət bildirərək iddiaları təkzib etdilər. Lakin məlum olduğu kimi, ötən gün Əli Kərimli saxlanılıb və evində axtarış aparılıb, Gültəkin Hacıbəyli isə Türkiyədən deport edilib. İstintaq yeni başlandığı üçün hazırda hər hansı yekun fikir söyləmək doğru olmaz”.

Tural Abbaslı hesab edir ki, prosesin şəffaf aparılması vacibdir: “Əgər bu gün Əli Kərimli ilə bağlı istintaqa cəlbetmə və həbs qəti imkan tədbiri seçilibsə, ictimaiyyətə daha dolğun məlumat verilməlidir. Yarımçıq informasiyalar müxtəlif şayiələrə və siyasi manipulyasiyalara yol aça bilər. Əsas olan budur ki, bütün tədbirlər qanun çərçivəsində, ədalət prinsipi əsasında həyata keçirilsin. Kimin məsuliyyəti varsa, bunu məhkəmə qarşısında cavablandırmalıdır”.

Ağ Partiya sədri vurğulayıb ki, obyektiv və hərtərəfli araşdırma aparılacağına ümid edir: “Düşünürəm ki, saxlanılan şəxslərin müdafiə hüquqları təmin olunacaq. Gərək səbirli olaq və prosesləri emosiyaya qapılmadan izləyək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr