AZ

Jül Kunde “Barselona”nı niyə seçdiyini açıqladı – ARENA.AZ

“Barseloa”nın sağ cinah müdafiəçisi Jül Kunde “Çelsi”yə keçmək imkanı mənzərəsində “Barselona”ya keçidə üstünlük verməsini əsaslandırıb.

Arena.az fransalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“O vaxt Xavi ilə söhbəti bəyəndim. Tomas Tuxellə də danışmışdım. Hiss edirdim ki, o, məni heyətdə görmək istəyir, amma mən sadəcə olaraq Xavinin yanaşmasını bəyəndim”, deyə 27 yaşlı fransalı futbolçu vurğulayıb.

Xatırladaq ki, Jül Kunde “Bordo”nun məzunudur. “Jirondistlər”in düşərgəsindən “Sevilya”ya yol tapmış Kunde, 2022-ci ilin iyul ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Kataloniya klubunun fransalı futbolçu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kunde “blauqrana” üçün 18 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Fransalı futbolçunun “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə 159 oyun, 8 qol, 19 məhsuldar ötürmədən ibarətdir.

Jül Kunde 2021-ci ilin iyununda debüt etdiyi Fransa yığmasının heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 46 oyun keçirib.

Kundenin qənimətlər muzeyində “Sevilya” ilə qazandığı Avropa Liqası (2019/2020), “Barselona” ilə qazandığı İspaniya La Liqası çempionluğu (2022/2023, 2024/2025), İspaniya Kuboku (2024/2025) və Super Kuboku (2022/2023, 2024/2025) var. Həmçinin Kunde Fransa yığması ilə UEFA Millətlər Liqasının (2021) qalibi və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
46
6
arena.az

10Mənbələr