AZ

Şəkiyə səfər edən turistlər üçün YENİ FÜRSƏT

"Regionda fəaliyyət göstərən aqroturizm təsərrüfatları kənd təsərrüfatı ilə turizmin inteqrasiyası baxımından mühüm nümunə kimi qiymətləndirilir. Bu təsərrüfatın yaradılması zamanı ərazinin iqlim xüsusiyyətləri, təbii imkanları nəzərə alınaraq turistlər üçün cəlbedici mühit formalaşdırılıb".

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov Şəki şəhərində təşkil olunan mediaturda deyib.

O, bildirib ki, təsərrüfat ilboyu turistlərin üzünə açıqdır:

"Buraya gələn qonaqlar müxtəlif xidmətlərdən yararlanmaqla yanaşı, çoxçeşidli meyvə və kənd təsərrüfatı məhsullarını yerindəcə dadmaq və özləri toplayaraq əldə etmək imkanı qazanırlar.

Bu modelin əsas məqsədi kənd təsərrüfatı ilə turizmin qarşılıqlı inteqrasiyasını təmin etməkdir".

Qurum rəsmisi qeyd edib ki, Turizm Ərazi İdarəsinin fəaliyyət göstərdiyi bölgələrdə, yəni Qax, Şəki, Oğuz, Qəbələ və digər rayonlarda bu formatda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarının sayı artmaqdadır:


"Mütəxəssislər hesab edirlər ki, gələcəkdə regionun turizm cəlbediciliyinin güclənməsinin əsas istiqamətlərindən biri məhz bu aqroturizm təsərrüfatları olacaq. Regional idarə olaraq bu sahənin inkişafı və xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir".

Alçina Amilqızı, Bizim.Media

Seçilən
14
1
bizim.media

2Mənbələr