AZ

"Trampın yeni Moskva gedişi: qeyri-ənənəvi vasitəçilər Putinlə görüşə gedir" - CNN

"Ağ Ev "sülh şansı var" deyir, Kiyev isə kompromisin yalnız təhlükəsizlik zəmanətləri ilə mümkün ola biləcəyini vurğulayır..."

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülh əldə etmək üçün yenidən fəallaşıb, amma bu dəfə ənənəvi diplomatiya ilə deyil, özünə tam güvəndiyi şəxsi emissarlarla. Bu həftə Moskva Trampın iki qeyri-rəsmi emissarını - uzun illərin biznes tərəfdaşı Stiv Uitkoff və kürəkəni Cared Kuşneri qəbul edəcək.

Hər ikisi dövlət postu daşımır, Senat tərəfindən təsdiq olunmayıb, lakin Ağ Evə görə məhz onların missiyası bu mərhələdə həlledicidir. Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib: "Biz ümid edirik ki, bu müharibə nəhayət bitəcək". Onun sözlərinə görə, ABŞ danışıqlara ciddi hazırlaşıb və mümkün razılaşma üzrə geniş maddələr toplusu artıq masadadır.

Kuşner və Uitkoff yenidən səhnədə

Trampın seçimi Vaşinqton və Avropa paytaxtlarında təəccüb və ehtiyatlı narahatlıq yaradıb. Əvvəllər Qəzza və İsrail arasında razılaşmaya vasitəçilik edən Kuşner-Uitkoff tandemi indi Ukrayna dosyesində əsas fiqurlardan sayılır. Tramp isə tənqidlərə məhəl qoymur və açıq şəkildə deyir: "O, bunu Ukraynaya satmalıdır, o Ukraynanı Rusiyaya satmalıdır. Razılaşma əldə edən də budur".

Avropa rəsmiləri bu yanaşmanı "qəribə, amma artıq sürpriz olmayan" sayır. Narahatlığı artıranlardan biri də "Bloomberg"-in yayımladığı audio yazıdır - burada Uitkoff Kremlin müşaviri Yuri Uşakova Trampın xoşuna gələcək danışıq tərzini izah edir. Bununla belə, Ağ Ev iddia edir: son görüşlər, xüsusilə noyabrda Cenevrədə və ardınca Floridada aparılan danışıqlar ilkin layihəni daha balanslı hala gətirib.

Kompromis yalnız real təhlükəsizlik təminatı ilə mümkündür

Ukraynanın mövqeyi dəyişməzdir: Rusiyanın əvvəlki müqavilələri pozması səbəbindən hər hansı razılaşma yalnız güclü təhlükəsizlik zəmanətləri ilə qəbul oluna bilər. Prezident Vladimir Zelenski bildirib ki, Floridada aparılan danışıqlardan sonra Cenevrə sənədi yenidən işlənib: "Biz real sülh və real təhlükəsizlik istəyirik. Rusiya buna təkbaşına yox, tərəfdaşlarımızla birlikdə məcbur edilməlidir".

Ukraynanın Baş Qərargahı ABŞ tərəfinə cəbhədəki real vəziyyət barədə geniş məlumat verib. Zelenski həmçinin xəbərdarlıq edib: Moskva danışıqlarla paralel yeni dezinformasiya kampaniyasına başlayıb. Eyni vaxtda Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas xəbərdarlıq edib: bu həftə Ukrayna üçün həm diplomatik proses, həm də mümkün təzyiqlər baxımından həlledici ola bilər.

Yaxınlaşma var, amma nəticə hələ yoxdur

Tramp administrasiyası hesab edir ki, həm Ukrayna, həm də Rusiya tərəfi sülhü nəzərdən keçirməyə daha hazırdır. Lakin ABŞ Dövlət katibi Marko Rubio xəbərdarlıq edir: "Bu çox çətin məsələdir. Hələ qarşıda çox iş var". Sülh planının ən ağrılı maddələri isə eyni qalır: təhlükəsizlik zəmanətləri, mümkün ərazi güzəştləri, Ukraynanın NATO perspektivi, ordunun ölçüsü və gələcək statusu. 

Danışıqlarda irəliləyiş hiss olunsa da, tərəflər həm rəsmi, həm də qeyri-rəsmi kanallarla paralel işləyir. Uitkoffun Moskva səfərinin nəticəsi isə bu prosesdə dönüş nöqtəsi ola bilər. ABŞ rəsmilərinin dediyinə görə, əsas məqsəd "kağız üzərində deyil, davamlı olan" sülhdür.

Kiyev isə bir şeyi açıq bildirir: hər hansı saziş yalnız Rusiyanın gələcək təcavüzünüm qarşısını alan mexanizmlə mümkündür. Bu həftə Moskva görüşlərindən sonra dünya üçün ən kritik sual olacaq: Trampın qeyri-ənənəvi diplomatiyası real sülhə aparacaq, yoxsa yeni riskli siyasi qumarın başlanğıcı olacaq?

Seçilən
29
1
moderator.az

2Mənbələr