Bakının mərkəzində, hər gün minlərlə insanın istifadə etdiyi Sahil metrosu yaxınlığındakı yeraltı keçiddə eskalatorların işləməməsi sakinlərin narazılığına səbəb olub.
Musavat.com-un araşdırmasına görə, keçidin bir hissəsində eskalator çalışsa da, digər tərəfdə günlərlə davam edən nasazlıq aradan qaldırılmayıb. Bu isə xüsusilə yaşlılar, uşaqlı qadınlar və əlil arabası ilə hərəkət edən insanlar üçün ciddi çətinlik yaradır.
Sakinlər bildirirlər ki, problem təsadüfi deyil – uzun müddətdir bu vəziyyət davam edir. Onların sözlərinə görə, keçid əsasən pik saatlarda çox sıx olur və insanların enib-qalxması xeyli vaxt aparır. Eskalatorun işləməməsi nəticəsində həm narahatlıq yaranır, həm də keçidin girişində tıxac meydana gəlir.
Yaşlı sakin Musavat.com-a şikayətlənir: “Ayaq ağrısı ilə neçə dəfə bu pillələri düşüb qalxmışam. Hər gün buradan keçməliyəm, amma eskalator yenə işləmir. Heç kəs də maraqlanmır”.
Gənc analar da eyni problemdən danışır. Uşaq arabası ilə keçiddən istifadə edən bir qadın bildirir ki, bu keçiddən keçmək bəzən "kiçik işgəncəyə" çevrilir: “Bir tərəf işləyir, digər tərəf yox. Arabanı qaldırmaq üçün kömək axtarmalı oluram. Bu vəziyyət nə vaxta qədər davam edəcək?”.
![]()
Problemlə bağlı Musavat.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb. Sorğuda nasazlığın səbəbi, işlərin nə vaxta qədər davam edəcəyi və eskalatorun tam bərpası üçün planın olub-olmadığı barədə suallar yer alıb.
Sakinlərin dediyinə görə, bu keçiddə əsaslı təmir işləri bir neçə dəfə gündəmə gəlib, lakin praktiki nəticə yoxdur. Xüsusilə payız-qış mövsümündə pilləkənlər yağış səbəbindən sürüşkən olur və qəza riski artır. Şikayət edənlər bildirirlər ki, “keçiddə hər an bir bədbəxt hadisə baş verə bilər”.
Paytaxtın mərkəzində belə nasazlıq niyə həll olunmur?
Sahil metrosu ətrafındakı yeraltı keçid şəhərin ən sıx istifadə olunan keçidlərindən biridir. Bu qədər mərkəzi yerdə eskalatorların işləməməsi həm idarəçi qurumların məsuliyyətini gündəmə gətirir, həm də şəhər infrastrukturunun vəziyyətini göstərir.
Musavat.com mövzunu diqqətdə saxlayır.
Şahanə Rəhimli
Musavat.com