Rusiyanın məşhur kinorejissoru, Kremlin qara təbliğatçısı, şovinist mövqeyi ilə bilinən Nikita Mixalkovun 80 illik yubileyi media tərəfindən geniş qeyd edilib - onu həm televiziyada, həm də mətbuatda təbrik etdilər. Yubiley münasibətilə “Kinoreporter” jurnalı Mixalkova nömrənin üz qabığını həsr edib. Jurnalın baş redaktoru Mariya Lemeşeva onunla “vacib mövzular haqqında səmimi söhbət” kimi təqdim edilən geniş müsahibə aparıb.
Musavat.com xəbər verir ki, Rusiyanın müxalifyönlü Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmaçıları şovinist rejissora başqa cür “təbrik ediblər”.
Araşdırmaçılarının müəyyən etdiyinə görə, Lemeşevanın şəxsi hekayəsi Mixalkovla birbaşa bağlıdır: o, rejissorun 2011-ci ildə doğulmuş nikahdankənar qızı Marfanın anasıdır. Həmin dövrdə Mixalkov artıq 38 ildir həyat yoldaşı Tatyana Mixalkova ilə evli olub və bu gün də onu “ailə və ənənəvi dəyərlərin dayağı” adlandırır. Marfa Nikitovna artıq kinoda çəkilib, Mixalkovu Daşkənd səfərində müşayiət edib və tez-tez anasının İspaniyadakı mülkünün yerləşdiyi şəhərə gedir.
FBK müəyyən edib ki, Mixalkovun “ikinci ailəsi” faktiki olaraq onun rəsmi ailəsinin qonşuluğunda yaşayır. Mixalkovların Torrevexadakı üç mənzilli kompleksindən cəmi 20 dəqiqəlik məsafədə Lemeşevanın mülkü yerləşir. Əmlak reyestrinə əsasən, Mariya (sənədlərdə - Qalina) 2012-ci ildə - qızının doğulmasından bir il sonra - 115 kvadratmetrlik mənzil alıb. 2018-ci ildə isə eyni ərazidə daha bir - 87 kvadratmetrlik mənzil alıb.
Musavat.com