BAKI,TurkicWorld, Orxan Qədirzadə
BMT Təhlükəsizlik Şurasının dekabr ayı üzrə sədri, Sloveniya nümayəndəsi Samuel Zboqar cümə axşamı Suriyaya səfər edən Şura nümayəndə heyətinin missiyasının məqsədini açıqlayıb. TurkicWorld xəbər verir ki, onun sözlərinə görə, Suriya və beynəlxalq ictimaiyyət arasında etimadı yenidən qurmaq bu səfərin əsas hədəfidir. Missiya region üzrə geniş proqramın bir hissəsidir və növbəti mərhələdə Livanı da əhatə edəcək.
Dəməşqdə çıxış edən Zboqar vurğulayıb ki, Suriyanın gələcəyi “Suriya tərəfindən idarə olunmalı və Suriyaya məxsus olmalıdır”.
“Bu gün ən çox eşitdiyimiz söz etimad idi. Biz buraya etimad yaratmağa gəlmişik. Suriya xalqının daha yaxşı gələcəyi üçün gördüyü işlərə bizim etimadımızı, eyni zamanda BMT və Təhlükəsizlik Şurasının niyyətlərinə sizin etimadınızı gücləndirməyə çalışırıq.” - o əlavə edib.
Zboqar qeyd edib ki, nümayəndə heyəti gün ərzində geniş görüşlər keçirib. İlk görüş Prezident Əhməd Əl-Şəraa, xarici işlər naziri və digər hökumət üzvləri ilə olub.
Daha sonra heyət BMT-nin Suriyadakı ölkə komandasının üzvləri ilə görüşüb. Zboqar komandanı “Dəməşqdə fəaliyyət göstərən böyük və təsirli bir qrup” kimi xarakterizə edib. Ardınca dini liderlər, vətəndaş cəmiyyəti fəalları, Suriya sahil bölgələri və Süveyda vilayətindən olan zorakılığa məruz qalmış icmaların təmsilçiləri, həmçinin sahil vilayətlərinin qubernatorları ilə danışıqlar aparılıb.
Nümayəndələr həmçinin Suriya üzrə itkin düşən şəxslərlə bağlı Milli Komissiya, digər istintaq mexanizmləri və ölkənin seçki komitəsi ilə görüşüblər.
Zboqar bildirib ki, müzakirələr “maarifləndirici olduğu qədər də ağır” idi və Suriyadakı real vəziyyəti açıq şəkildə əks etdirirdi.
Müzakirələr zamanı ədalət və barışıq prosesləri, siyasi dialoqda inklüzivlik, milli dialoq, humanitar ehtiyaclar, yenidənqurma və iqtisadi inkişaf, siyasi keçid, terrorla mübarizə və Suriyanın region üçün təhlükə yaratmamaq öhdəliyi kimi mövzular gündəmə gəlib.
Zboqarın sözlərinə görə, Prezident Əş-Şəraa və Təhlükəsizlik Şurası Suriyanın iqtisadi inkişafı və yenidən qurulmasının “xüsusi əhəmiyyət daşıdığını” vurğulayıblar.
Heyətin əsas məqsədi isə Suriyaya beynəlxalq dəstəyin davam edəcəyini nümayiş etdirmək olub.
“Biz Suriyanın suverenliyini, vahidliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyimizi bir daha təsdiq etdik.”- o deyib.
Zboqar deyib ki, Şura üzvlərinin vahid mesajı bu olub:
“Sizin ölkənizin arzularını və qarşılaşdığınız çətinlikləri anlayırıq. Yeni və daha yaxşı Suriyaya gedən yol Suriya tərəfindən idarə olunacaq və beynəlxalq ictimaiyyət bu yolda sizə dəstək verməyə hazırdır.”
“Biz bütün suriyalılar üçün daha yaxşı gələcəyə aparan körpünü qurmağa kömək etməyə hazırıq.” - Zboqar deyib.
BMT Təhlükəsizlik Şurasının nümayəndə heyətinin növbəti səfəri Livana olacaq.