AZ

Dövlətçilik iradəsi və qara şəbəkənin sonu



Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Tarix boyu dövlətlərin möhkəmliyi, toplumların birliyi və millətlərin yaşamaq gücü bir amildən çox asılı olub: sadiqlik və yüksək məsuliyyət hissi. Öz dövləti, xalqı və milli maraqları üçün çalışan cəmiyyətlər həmişə inkişaf edib, təhlükələrdən çıxmağı bacarıb, tarix səhnəsində öz yerini qoruyub. Amma bu zənciri qıran, milli maraqlara zərər vuran ən təhlükəli hadisə xəyanətdir. Xəyanət yalnız hüquqi cinayət deyil, həm də mənəvi, tarixi məsuliyyətdir. Məhz buna görə də bütün dövrlərdə və bütün xalqlarda bir fikir dəyişməz qalıb: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır!

Dövlət yalnız sərhədlər, bayraq, qanunlar və təsisatlarla məhdudlaşmır. Dövlət həm də bir toplumun şərəfi, kimliyi, mövcudluğu və gələcəyi deməkdir. Ona görə də dövlətçiliyə vurulan hər hansı zərbə millətin gələcəyinə vurulmuş zərbədir. Tarix sübut edir ki, ən böyük fəlakətlər çox zaman daxildən – etimadı doğrultmayan, dövlətə arxa olmaq əvəzinə onu zəiflədən şəxslərdən qaynaqlanıb. Daxili düşmən xarici düşməndən daha təhlükəlidir, çünki o, inamınızı istifadə edərək arxadan vurur.

Bu gün Azərbaycanın siyasi mühitində açılan cinayət işləri həmin acı həqiqəti bir daha, ən sərt formada cəmiyyətin üzünə çırpır. Uzun illər hakimiyyətin yüksək eşelonunda təmsil olunmuş Ramiz Mehdiyev və müxalifətin “aparıcı siması” Əli Kərimli barəsində irəli sürülən dövlətə xəyanət (CM 274) və hakimiyyəti zorla ələ keçirməyə cəhd (CM 278.1) kimi ən ağır ittihamlar sadəcə iki şəxsin məsuliyyətə cəlb edilməsi deyil. Bu, illər boyu formalaşmış, həm iqtidar daxilində, həm də müxalifət düşərgəsində kök salmış xəyanət şəbəkəsinin ifşasıdır.

Bu gün siyasi sferada gerçəklərin üzə çıxdığı bir zamanda, Ramiz Mehdiyevin, Əli Kərimlinin, eləcə də Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimi şəxslərin gizli şəkildə bir araya gələrək dövlətə xəyanət etməsi təkcə hüquqi yox, həm də mənəvi, əxlaqi və milli dəyər baxımından ağır pozuntu sayılır. Necə olur ki, illərlə bir-birinə kəskin müxalifət olan, biri "dövlətçi", digəri "demokrat" obrazında çıxış edən bu qüvvələr, əslində, eyni çirkli niyyətin – şəxsi maraq, eqoizm və mənəvi zəiflik naminə milli maraqları satmaq niyyətinin – gizli zəncirinin həlqələri imiş?

Xəyanətin ən təhlükəli cəhəti onun maskalanmış xarakteridir. Səhnənin önündə dövlətə sədaqətli görünmək illüziyası yaradıb, özünü sadiq vətəndaş kimi təqdim edən, lakin səhnənin arxasında öz mənfəətini təmin etmək üçün dövlətin imkanlarından sui-istifadə edən Ramiz Mehdiyev bu mənəvi iflasın ən bariz göstəricisidir. Digər tərəfdən, "müxalifətçi" adlanaraq ölkə daxilində sabitliyi pozmağa, etimadsızlıq mühiti yaratmağa hesablanmış tapşırıqların icraçısı kimi fəaliyyət göstərmək də eyni məkrli məqsədə xidmət edir. Onlar öz məqsədləri naminə böyük bir xalqın taleyini riskə ataraq, milli dəyərləri belə bir kənara atmaqdan çəkinməmişlər.

Bu cür tandem halında xəyanət cəmiyyət üçün daha təhlükəlidir, çünki burada yalnız bir şəxsin deyil, bir qrupun məqsədli şəkildə dövlətə qarşı birləşdiyi, məlumat paylaşdığı və koordinasiyalı fəaliyyət göstərdiyi görünür. Xəyanətin planlı olması onun mahiyyətini daha da ağırlaşdırır; bu, sadəcə bir səhv deyil, dövlətçilik prinsiplərinə açıq qəsddir.
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq məhz həmin qaranlıq məqamlara işıq salır. Azərbaycan cəmiyyəti tarixən xəyanətə qarşı barışmaz mövqe nümayiş etdirib. Dövlətin mövqeyi qətiyyətlidir, xalqın mövqeyi isə birdir: Milli maraqlara zidd istənilən addım pislənməli, rədd edilməli və qanun çərçivəsində sərt cavabını almalıdır! Qanunların sərtliyi ədalətsizlik deyil, zərurətdir, çünki dövlətin təhlükəsizliyi kompromis mövzu deyil.

Bu hadisələr fonunda Azərbaycanın Zəfər tarixi və bu gün əldə etdiyi güc xüsusi vurğulanmalıdır. Ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi və Prezident İlham Əliyevin qətiyyətli kursu sayəsində ölkəmiz yalnız torpaqlarını azad etmədi, həm də dövlətçilik prinsipinin, milli birliyin və suverenliyin yenilməzliyini göstərdi. Azərbaycan bu gün siyasi baxımdan sabit, iqtisadi baxımdan güclü, beynəlxalq arenada nüfuzlu bir dövlətdir. Dövlətimizin strateji məqsədləri aydındır: daha güclü ordu, daha inkişaf etmiş iqtisadiyyat, daha təhlükəsiz cəmiyyət, daha nüfuzlu Azərbaycan.
Bu inkişaf xəritəsinin arxasında isə xalqının birliyinə inanan Prezidentin qətiyyətli iradəsi dayanır. Azərbaycan dövlətini zəiflətmək istəyənlər yanılırlar – çünki dövlətin dayaqları dərin, xalqın iradəsi dəmir kimidir. Xəyanətin kölgəsi xalqın iradəsinə qaranlıq sala bilməz.
Azərbaycanın yolu Zəfər yoludur – gücün, inkişafın, sabitliyin və əzmin yoludur!




Seçilən
2
1
aia.az

2Mənbələr