AZ

“Məhsəti” ətrafında süni hay-küy » AzadMedia.az


Aktrisa Fərqanə Abdullanın son açıqlaması sosial şəbəkələrdə günlərlə davam edən “Məhsəti” müzakirələrinə tamamilə yeni, daha dərin açıqlama gətirdi. O, nə tarixi şəxsiyyət Məhsəti Gəncəvini, nə də filmdə canlandırdığı Mina obrazını müdafiə etmək üçün yox, yaranmış hay-küyün əsl səbəbini göstərmək üçün sosial media hesabında açıqlama yayıb. Hər kəsin “əxlaq” müzakirəsinə aludə olduğu bir vaxtda Fərqanə xanım çox sadə, amma illərdir toxunulmayan həqiqəti ortaya qoydu: müzakirə sənətdən yox, qadınların azadlığından gedir.

Fərqanə Abdulla film haqqında qısa şəkildə danışarkən qeyd edir ki, “Məhsəti” ekran əsəri tarixi bir bioqrafiya deyil, gənc aktrisa Minanın “Məhsəti” tamaşasına hazırlaşma prosesidir. Yəni film bir sənət yolçuluğudur, özünü axtarmaq və dərin obrazla üz-üzə qalmaq hekayəsidir.

Aktrisa özü də etiraf edir ki, təklifi aldıqda həm həyəcanlanıb, həm də narahat olub: Mina kimi o da öz sərhədlərini aşmağa məcbur idi. Amma o, bir şeyi gözləmirdi; sənətinə, obrazına və şəxsinə orta əsrlərdəki kimi daş atılmasını.

Bu, artıq sadəcə film tənqidi deyil. Bu, ictimai daşqalaq, qeybət indromunun növbəti təzahürüdür.
Fərqanə Abdulla haqlı olaraq diqqəti başqa məqama yönəldir:
Dünya hələ də Məhsəti Gəncəvinin dövründən miras qalan qadın düşmənçiliyinin təsirindən çıxmayıb.

Qadına iki rol biçən patriarxiya anlayışı əsrlərdir dəyişmir:

1️⃣ “Müqəddəs” qadın – bakirə qalmalı, evlənməli, uşaq doğmalıdır.
2️⃣ “Günahkar” qadın – bu sərhədləri aşan hər kəs.

Bu rol bölgüsünə sığmayan qadınların aqibəti isə tarix boyunca eyni olub: meydanlarda daşlanma, damğalanma, aşağılama… Bu gün isə bu meydanlar sadəcə rəqəmsal məkanlara transfer olunub.

Fərqanə xanımın diqqət çəkdiyi əsas məqam da budur: problemin adı əxlaq deyil, qadının azadlığından qorxu duymaqdır.

Məhsəti Gəncəvi dövrünün sərhədlərindən kənara çıxan, yaradan, yaşayan, özünü ifadə edən qadın. O, sevmiş, yazmış, rəqs etmiş, hiss etmiş, sənət yaratmışdı. Amma bu gün də onun adı eyni səbəbə görə müzakirə olunur: çünki o, standart qadın modeli deyildi.

Fərqanə Abdullanın sözləri bir daha təsdiqləyir ki, mübahisə tarixi şəxsiyyətin əxlaqı barədə deyil.
Mübahisə qadınların sərhəd aşmasına dözümsüzlük haqqındadır.

Axı niyə orta statistik bir kişi üçün normal sayılan davranışlar bir qadın üçün dərhal “əxlaq” meyarı ilə ölçülür?

Bu, sadəcə ikiüzlülük deyil. Bu, toplumun hələ də dəyişməyə hazır olmadığının göstəricisidir.

“Məhsəti” filmi ətrafında yaranan hay-küy göstərdi ki, bəzi kəsimlər hələ də qadının özünü axtaran, özünü yaradan, öz sərhədlərini müəyyən edən bir varlıq kimi qəbul olunmasına hazır deyil.

Fərqanə Abdullanın mesajı isə aydındır:
Bu məsələ nə sənətə, nə obraza, nə də filmə aid deyil.
Bu məsələ qadının varlığına aid olan əsrlik bir problemdir.

Sosial mediada qoparılan təzyiq dalğası isə bir daha göstərdi ki, biz hələ də Məhsəti Gəncəvini anlamağa yox, onu yenidən mühakimə etməyə meylliyik.

Halbuki o, əsrlər əvvəl dediyi kimi, bu gün də eyni həqiqəti xatırladır:
Qadın insan kimi yaşamaq istədiyi üçün günahkar deyil.

Seçilən
35
1
azadmedia.az

2Mənbələr