AZ

"X" sosial şəbəkəsindən Avropa Komissiyasına cavab

"X" sosial şəbəkəsi Avropa İttifaqının rəqəmsal xidmətlər haqqında qanununu pozduğuna görə 120 milyon avro cərimələndikdən sonra Avropa Komissiyasının (AK) reklam hesabını bloklayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "X" şirkətinin məhsullar üzrə rəhbəri Nikita Bir açıqlama verib.

O bildirib ki, Avropa Komissiyasının nümayəndələri uzun müddət istifadə olunmayan reklam kabinetinə daxil olaraq platformanın qaydalarını pozan material yerləşdiriblər.

"Bəyanatınızın ironiyası ondadır ki, siz qeyri-aktiv reklam hesabınıza daxil olub bizim "Ad Composer" alətindəki boşluqdan istifadə etmisiniz – istifadəçiləri aldadan, videonu təqlid edən link yerləşdirmisiniz və onun əhatə dairəsini süni şəkildə artırmısınız. Bildiyiniz kimi, "X" komandası hesab edir ki, hər kəs platformamızda bərabər hüquqlara malik olmalıdır. Lakin görünür ki, siz qaydaların hesabınıza şamil edilməməli olduğunu düşünürsünüz", – Bir Avropa Komissiyasının bəyanatını şərh edərkən yazıb.

Xatırladaq ki, dekabrın 5-də Avropa Komissiyası "X" sosial şəbəkəsini Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanununa (RXQ) uyğun şəffaflığın təmin edilməsini pozduğuna görə 120 milyon avro məbləğində cərimələyib. Komissiya qərarını "təsdiqlənmiş hesablar üçün mavi işarənin istifadəsinin istifadəçiləri çaşdırması" ilə əsaslandırıb. RXQ əgər belə yoxlama aparılmayıbsa, onlayn platformalara istifadəçilərin yoxlanıldığı barədə yanlış məlumat verməyi qadağan edir.

Seçilən
10
2
olke.az

3Mənbələr