BAKI, TurkicWorld
1982-ci ildə Türkiyənin Konya şəhərində anadan olan Mehmet Güllüoğlu tibb, humanitar yardım, dövlət idarəçiliyi və diplomatiya sahələrində fəaliyyət göstərmiş, tanınmış türkiyəli dövlət adamıdır.
Güllüoğlu Marmara Universiteti Tibb Fakültəsini bitirdikdən sonra həkim kimi çalışıb. O, ailə həkimliyi, humanitar səhiyyə yardımı və Avropa İttifaqı layihələri üzrə ixtisasartırma proqramlarını tamamlayıb.
“Yer üzü həkimləri” və digər QHT-lərlə əməkdaşlıq edərək İordaniya, Misir, Fələstin, Livan, Suriya, Somali, Qətər və Keniyada könüllü tibbi missiyalarda iştirak edib. İstanbul Universitetində İctimai Səhiyyə üzrə doktorantura təhsilini başa vurub.
2013-cü ildə Türk Qızılayının baş direktoru təyin olunan Güllüoğlu bu dövrdə Miqrasiya Xidmətləri də daxil olmaqla bir çox vacib humanitar layihələrin icrasına rəhbərlik edib.
2017-ci ildə isə o, Türkiyənin fövqəladə hallara cavab verən ən strateji qurumu olan AFAD-ın sədri təyin olunub. Burada ölkənin fövqəladə vəziyyətlərə hazırlığı, idarə olunması və beynəlxalq humanitar əməkdaşlıq sahələrinə rəhbərlik edib.
2020-ci ildə Tanzaniyanın Darüssalam şəhərinə Türkiyənin səfiri təyin edilən Güllüoğlu Afrika ölkəsində humanitar və iqtisadi əməkdaşlıq üzrə aktiv fəaliyyət göstərib. Eyni zamanda o, Prezidentin Sosial Siyasətlər üzrə Şurasının üzvüdür.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına görə, Güllüoğlu Qəzzaya humanitar yardımın yerində koordinasiyası üçün Filistin İnsani Yardımlar Koordinatörü vəzifəsinə gətirilib.
Onun əsas vəzifələri Qəzzada humanitar ehtiyacları yerində qiymətləndirmək, BMT agentlikləri ilə koordinasiya aparmaq, Türkiyədən göndərilən humanitar yüklərin dəqiq və effektiv şəkildə ehtiyacı olanlara çatdırılmasını təmin etmək, Misir və İordaniya üzərindən göndərilən yardımlar üzrə yerli hakimiyyətlərlə əlaqələndirmə aparmaq, xəstə təxliyələri və tibbi dəstək proseslərini gücləndirməkdir.