Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
‘Bu uğur yeni nəsil üçün motivasiyadır’” - Sevinc Cəfərzadə
Medianın İnkişafı Agentliyinin layihəsi
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bir neçə gün əvvəl “FIFA Tri Nations Women’s Football Series 2025” turnirin qalibi oldu. Siyasət Əsgərovun komandası Banqladeşin paytaxtı Dəkkədə keçirilən turnirdə əvvəlcə Malayziyanı (2:0), sorna isə Banqladeşi (2:1) məğlub edib.
Turnirlə bağlı təəssüratlarını öyrənmək üçün millimizin kapitanı Sevinc Cəfərzadə ilə danışdıq.
- Öncə turnir haqqında ümumi fikirlərinizi öyrənək. Təşkilatçılıqdan razı qaldınızmı?
- Təşkilatçılıq çox yüksək səviyyədə idi. Sözün düzü, mən bu qədər yaxşı olacağını gözləmirdim. Bu, məni çox sevindirdi. Komandamıza çox böyük hörmət, qayğı var idi. Çox uzun bir səfər oldu. İstənilən anda, istər stadionda, istər oteldə hamıdan qayğı gördük. Oyunların təşkili və digər tərəfindən hər şey yüksək səviyyədə idi.

- Bu yarışda Malayziya və Banqladeşlə qarşılaşdınız. Banqladeşlə matçda qol da vurdunuz. Həmin oyunlar nələrlə yadda qaldı? Hansı matç daha çətin keçdi?
- Hər iki oyun bizim üçün təcrübə idi. Ev sahibi Banqladeş millisin fərqləndirərdim. Çox sürətli oyunçuları vardı və bizə qarşı yaxşı hazırlaşmışdılar. Çünki Malayziya və Banqladeş öz arasında oyunlarını noyabrın 26-da keçirmişdilər. Banqladeşin bizə qarşı oyunu isə dekabrın 2-sində idi. Yəni, dincəlmək üçün çox vaxtları var idi. Biz isə noyabrın 29-da Malayziya ilə qarşılaşdıq. Yəni, 4 günə 2 oyun keçirdik. Komandamızda bir az yorğunluq olsa da, əzmkar oyun göstərdik. Çox səbrli davrandıq. Çünki Banqladeş həqiqətən də bizə süpriz yaşatmağı bacardı. Ölkələrin adlarından, əhali sayından asılı olmayaraq, qadın futbolu artıq dünyanın hər yerində inkişaf edir. Avropa komandası kimi Asiya ölkəsinə getdik və orada qadın futboluna necə dəstək və maraq göstərildiyinin şahidi olduq. Banqladeşlə görüş ağır alındı. Bu da onların bir an belə fasilə etmədən dinamik oynamaqlarına görə idi. Amma biz buna hazır idik. İşimizin öhdəsindən layiqincə gələ bildik və sonda qələbə qazanan tərəf biz olduq.
- Kapitan kimi komandanı necə motivasiya edirdiniz? Baş məşqçi Siyasət Əsgərov sizə nələr deyirdi?
- Mən kapitan olaraq öz üzərimə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışıram. İstər hazırlıq prosesində, istərsə də digər vaxtlarda. Siyasət Əsgərov son illərdə qadın futbolunun bu yerlərə gəlib çıxmasında ən böyük pay sahiblərindən biridir. Onun məşqçi heyəti, həkimimiz, masajçılarımız, menecerimiz... Qazandığımız qələbələrdə onların çox böyük əməyi var. Təbii ki, baş məşqçimiz komandaları çox yaxşı analiz etmişdi. Matçdan əvvəl bizə lazımlı informasiyaları verdilər. Bu, hər oyundan əvvəl belə olur. Bəzən hətta hazırlıq prosesi başlamazdan əvvəl məşqçilərdən rəqiblər haqda məlumatlar alırıq.

- Turnirdə digər ölkələrin komandaları ilə Azərbaycan millisi, bizim futbolumuz və ölkəmiz haqda söhbətləriniz oldumu?
- Bizim komandamız istər azarkeşlər, istərsə də media tərəfindən favorit göstərilirdi. Bu da bizi çox sevindirir. Deməli, biz qadın futbolunda uğurlu yerlərə gəlib çıxmışıq. Bəzən insanlar bunu görməzdən gəlir. Mən belə hallara çox məyus oluram. Amma bizim qısa müddətdə əldə etdiyimiz uğurları görən insanlar da var. Onlara təşəkkür edirəm, dəstəklərini əsirgəmirlər. Sadəcə dünyanın o biri tərəfində bizə qarşı olan diqqət çox fərqli idi. Digər komandalardan mənə yaxınlaşan, danışan futbolçular da olurdu. Biz sadəcə oyunlardan danışırdıq. Və ya soruşurdular ki, hansı klublarda oynayırıq, ölkəmizdə qadın futboluna dəstək necədir, çempionatımız varmı və s. Çox xoş ab-hava var idi. Bir-birimizə çox hörmətlə yanaşırdıq. Hər üç komanda eyni oteldə olduğu üçün tez-tez üz-üzə gəlirdik.
- “FİFA Tri Nations Women’s Football Series 2025”in qalibi olmaq millimiz üçün gələcək uğurlara da yol aça bilərmi?
- İstənilən oyunun, turnirin qalibi olmaq gələcəkdəki matçlarımız üçün böyük təkandır. Bəzən nəinki qələbə, hətta məğlubiyyət də səni uğura apara bilər. Yetər ki, sən həm qalib gəldiyin, həm də uduzduğun matçlardan nəticə çıxarasan. Ona görə də düşünürəm ki, bu turnirdə qalib olmağımız təkcə bizim üçün yox, ölkəmizdə futbolla məşğul olan azyaşlı qızlarımız üçün də böyük uğurdur. Çünki onlar bizim gələcəyimizdir. Mən ümid edirəm ki, bizim uğurlarımız onların gələcəyi üçün də vacib rol oynayacaq. Çünki qadın futbolçular olaraq hazırda məsuliyyət bizim üzərimizdədir. Biz ölkəmizin qadın futbolunu xaricdə tanıtmağa çalışırıq. Ümid edirəm ki, bu uğurların davamı gələcək. Çünki biz bunun üçün əlimizdən gələni edirik.
- Hazırda Türkiyənin "Yüksekova" klubunda çıxış edirsiniz. Bəs şəxsi olaraq və milli komanda halında qarşıdakı hədəfləriniz hansılardır?
Bəli, hazırda Türkiyədə çıxış edirəm. Artıq klubuma geri dönmüşəm. Türkiyədə Superliqada oynayıram. Matçlarımız davam edir. Öz məşqlərimə və klubdakı oyunlarıma köklənəcəyəm. Bu, mənim karyeram üçün çox vacibdir. Yığma ilə isə Millətlər Liqasına köklənmişik.
- Millətlər Liqasındakı hədəfiniz nədir?
- Millətlər Liqasının C qrupunda yer almışıq. İlk oyunumuz martın 3-də Bakıda Şimali Makedoniyaya qarşı olacaq. Daha sonra Macarıstanla üz-üzə gələcəyik. Məqsədimiz C Liqasında qalib olub B Liqasına yüksəlməkdir. Ən pis halda isə 2-ci yer tutmalı, pley-off şansını əldən verməməliyik. Amma qrupun qalibi olmağa çalışacağıq. Heç də asan olmayacaq. Bunu bilirik. Oyunlara 3 ay vaxtımız var. Ona görə də klublardakı oyunlarımız çox vacibdir. Çünki bizim milli toplanışından öncə başqa bir hazırlıq prosesimiz olmayacaq.

- Sonda qadın futbolunun ümumi durumundan danışaq. Qadın futbolunun vəziyyəti və qızların futbola marağını necə qiymətləndirirsiniz?
- Qənaətbəxş hesab edirəm. Qadın futbolunun vəziyyəti çox da yüksək səviyyədə olmasa da, ötən illərlə müqayisədə kütləvilik artmaqdadır. Bunun daha da böyüməsini, daha çox qızların futbola yönəlməsini istərdim. Çünki qadın futbolumuzun gələcəyi bunlardan asılıdır. Ümid edirəm ki, bizim uğurlarımız qızlara motivasiya olacaq və valideynlərə də güvən verəcək ki, qızlarının futbol oynamasına şərait yaratsınlar. Bildiyim qədəri ilə federasiya, həm məşqçilər bu yöndə çox töhfələr verirlər. Düşünürəm ki, gənc qızlar həm valideynlər tərəfidən, həm də klublar tərəfidən lazımi dəstəyi alsalar, gələcəkdə böyük uğurlara imza ata bilərik. Çünki qadın futbolu dünyanın hər yerində inkişaf edir. Biz də inkişaf etməyə borcluyuq. Bunu bacarmalıyıq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.