AZ

Azərbaycanda evdən işləməklə bağlı qərar verildi Yeni pandemiyaya gəlir?

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda əmək münasibətlərində yeni mərhələnin əsası qoyulur. Belə ki, məsafədən (distant) işləmək artıq qanuniləşdirilir. Bu yenilik Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklik layihəsində yer alıb. İctimaiyyətdə bu addımı növbəti pandemiyaya hazırlıq kimi qiymətləndirənlər var. 

Sözügedən qanun dəyişikliyinin səbəbi nədir? Pandemiyaya hazırlıq iddiaları nə dərəcədə realdır?

Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, məsafədən işləmək artıq dünya təcrübəsində geniş tətbiq olunan bir modeldir:

“Avropanın bir çox ölkələrində – Polşa, Almaniya, Belçika kimi dövlətlərdə – bəzi sahələrdə işçilərə müəyyən günlər məsafədən işləmək imkanı yaradılır və bu halda əməkhaqqı ofisdə işləyənlərlə eyni qaydada ödənilir. Bu, həm qlobal dəyişikliklərin, həm də informasiya texnologiyalarının verdiyi geniş imkanların nəticəsidir. Məsələn, bir jurnalist gündəlik araşdırmalarını aparır, müsahibələrini edir və yazılarını vaxtında redaksiyaya təqdim edirsə, bunun evdən yaxud ofisdən həyata keçirilməsinin ciddi fərqi qalmır. İnternet artıq işin məkan asılılığını böyük ölçüdə aradan qaldırıb və bu imkanlardan maksimum yararlanmaq vacibdir”.

Ekspert qeyd edib ki, distant iş həm də bir sıra qənaətlərə səbəb olur:

“Məsələn, Bakı şəhərində həftənin bir neçə günü evdən işləmək nəqliyyata ayrılan yanacaq xərclərini azaldır, tıxac yükünü yüngülləşdirir və vaxt itkisinin qarşısını alır. Eyni zamanda evdən işləyən şəxs gündəlik yemək və digər əlavə xərclərdən yayınmış olur ki, bu da ailə büdcəsinə müsbət təsir göstərir.

Bu yanaşma sırf gələcək pandemiyaya hazırlıq kimi deyil, daha çox dünya praktikasında formalaşmış və uzun müddətdir tətbiq olunan əmək modelinə uyğunlaşma kimi qiymətləndirilməlidir”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr