AZ

Bu gün müşahidə etdiklərimiz baş verəcəklərin özü deyil, bir parçasıdır- ÖZƏL

Ciddi trend və dəyişikliklərə cəhdlərin edildiyi keçən həftənin qısa təhlilindən öncə faktlara nəzər salaq: Keçən həftə Rusiya Prezidenti Hindistana rəsmi səfər edir və Hindistanı fasiləsiz olaraq yanacaqla təmin edə biləcəyini bəyan edir. 
Qeyd: 2024-2025-ci maliyyə ilində (maliyyə ili Hindistanda 01 apreldə başlayır) Hindistanın ticarət balansı mənfi 282.8 milyard dollar, xidmətlər (əməliyyat) balansı isə müsbət 188.8 milyard dollar olmaqla ümumi tədiyə balansı mənfi 94 milyard dollar olmuşdur. Bu mənfi balansı azaltmaq üçün Hindistana ucuz neft hava, su kimi lazımdır;
- Fransa Prezidenti Makron Çinə rəsmi səfər edir və Çin Prezidentinə birlikdə çox məsələləri həll edə bilərik fikrini söyləyir. 
Qeyd: 2010-2012-ci illərdə Avropanın borc böhranı zamanı ABŞ özü yenicə böhrandan çıxmağa başladığı üçün Avropanın borc qiymətli kağızlarını (istiqrazlarını) almağa tərəddüd edərkən Çin bu istiqrazların böyük hissəsini almaqla Avropanın böhrandan daha sürətlə çıxmasına töhfə verdi. Çinin bu addımında Britaniya amilini də təbii ki, bu məsələdə nəzərdə saxlamaq lazımdır. Digər bir incə nüans isə Makronun səfərinin Çinin ən böyük rəqibi Hindistanın Rusiya ilə münasibətlərini yaxınlaşdırdığı bir vaxtda həyata keçməsidir;
- Avropa İttifaqı 2027-ci il yanvarın 1-dən etibarən Rusiyadan qaz idxalının 0 olacağını bəyan edir. Lakin, mesaj verirlər ki, bundan sonrakı dövrdə hər hansı bir ölkədən (hazırda qaz idxalında ABŞ ön plana çıxmaqdadır) enerji asılılığının olmaması da əsas strateji xətlərimizdən biri olacaq. 
Ümumi rəsmin ayrı-ayrı parçalarını birləşdirək: Hər üç hadisənin məhz ABŞ Prezidentinin 28 maddəlik sülh planından (o qədər düzəlişlər edilib ki, hazırda neçə maddə qaldığı bəlli deyil) sonra baş verməsi təsadüfi deyil. ABŞ Avropa və Ukrayna üçün heç bir xərc çəkmək istəmədiyinin, öz iqtisadi məsələlərinə fokuslanmaq istədiyini, daha çox Amerika qitəsi (ilk mərhələdə Venesuela) ilə maraqlandığının  mesajlarını verir. Avropa üçün isə özünün təhlükəsizlik məsələsi ön plana çıxır. Çin əslində Rusiyanın Ukrayna müharibəsində nə qalib, nə də məğlub olmasını istəyir. Həm Avropa İttifaqına (Aİ), həm də Çinə zəif Rusiya lazımdır. Burada maraqlar üst-üstə düşür. Britaniya-Çin, Aİ - Britaniya, Aİ - Çin yaxınlaşmaları və ittifaqları həm də ABŞ-yə ciddi siqnaldır. ABŞ Prezidenti Çinə səfəri zamanı münasibətləri xeyli yumşaltmaq (bu barədə həmin səfərdən öncəki yazımda fikirlərimi ifadə etmişdim) üçün addımlar atsa da bu Çin üçün kifayət deyil və Çin bu addımları sürüşkən addımlar hesab edir. Çin üçün Avropa İttifaqı vacib tərəfdaş, Rusiya xammal mənbəyi, ABŞ isə ən böyük ticarət tərəfdaşı və ən böyük müsbət saldo əldə etdiyi ölkədir. Rusiyadan ucuz neft idxalından imtina qarşılığında isə Çinə qlobal ucuz neft qiymətləri siqnalı verilmişdir. Ucuz enerji qiymətləri və Maduronun devrilməsini gözləyən Avropa (ucuz enerji qiymətləri həm enerji idxal edən iqtisadiyyatlar üçün vacibdir, həm də Rusiyanın daha sürətlə zəiflədilməsi üçün) Venesuela məsələsində susur. Venesuelanın müxalifət liderinə (məhz Trump`ın Nobel Sülh Mükafatı istədiyi bir zamanda) Nobel Sülh Mükafatı verilir və Trump buna qarşı aqressiv deyil, loyal münasibət bəsləyir. Diqqətdən qaçan digər vacib bir məsələ isə bu idi ki, ABŞ Konqresi bəyan etdi ki, Venesuelaya qarşı hərbi müdaxilənin icazəsi Konqresdən alınmalıdır. Əsas nəticə odur ki, hadisələr diqqət cəlb etməyəcək və koordinasiyalı bir şəkildə cərəyan edir.   
Nəticələr: 
- Qırılma nöqtəsi 2028-ci il olacaq bu hadisələrin növbəti 2 ildə başgicəlləndirici bir şəkildə sürətlənəcəyi ehtimalı yüksəkdir;
- 2030-cu ilə qədər hələ çox dəyişikliklər olacaq; 
- İran məsələsi yenidən dünya gündəminə gələcək;
- Rusiya hazırda baş verən yaxınlaşmalar və manevrləri pozmaq üçün bir neçə istiqamətdə addımlar atmağa çalışacaq;
- Orta koridor üzərində olan hər bir ölkə kimi (Türkiyə daxil) ölkəmiz üçün isə konkret olaraq həm yüksək şanslar, həm də ciddi risklər formalaşmaqdadır. Şanslardan maksimum istifadə, risklərin yumşaldılması bu ölkələrin əsas strateji hədəflərinə çevriləcək! 
Yekun nəticə: Son 10 ildə dəfələrlə vurğuladığım bir fikri yenidən təkrar etmək məcburiyyəti hiss etdim. Tarix boyu dəfələrlə Yeni Düzənlər qurulub. İstisnasız olaraq bütün qurulan düzənlər qlobal müharibələrdən və böyük imperiayaların çöküşlərindən sonra baş verib. Hazırda isə bəşəriyyət tarixində ilk dəfə Yeni Düzən qlobal müharibə olmadan qurulur. Çünki, qlobal müharibə nüvə silahı və mürəkkəb maliyyə sistemlərinin dağılması riskləri səbəbindən mümkün deyil. Kiçik yerli müharibələr (Rusiya-Ukrayna, Yaxın Şərq) qlobal Yeni Düzənin qurulması üçün kiçik oldular, kifayət etməzlər və etmədilər də. İndi isə böyük bir şahmat taxtası qurulub. Bu taxta arxasındakı oyunçular bəllidir. Bizim kimi dövlətlər isə baş verən gedişləri görüb, düzgün analiz etməyə çalışaraq yaranmış və yaranacaq şansları və həm də ciddi riskləri düzgün dəyərləndirməyi özlərinin əsas strateji xətlərinə çevirməklə proseslərdən uduşla çıxmağa çalışacaqlar.

Elman Sadıqov
İqtisadçl ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr