AZ

Ukrayna üçün son həmlə – Putin elə qərar verə bilər ki…

“Rusiya Prezidenti Vladimir Putin Ukraynanı ikinci Belarusa çevirməyənə qədər onunla sülh sazişi imzalamaq niyyətində deyil. Kreml üçün ərazi məsələləri əslində o qədər də maraqlı deyil”.

Bunu “Blumberq”ə müsahibəsində Böyük Britaniyanın Mİ6 gizli kəşfiyyat xidmətinin keçmiş direktoru Riçard Mur bildirib.

“Böyük Britaniyada biz bu müharibənin aparılması və ukraynalılara necə dəstək olmağımız barədə çox aydın baxışlara malikik. Bizim məsuliyyətimiz ondan ibarətdir ki, kəşfiyyatın dediklərini dəqiq şəkildə çatdıraq. Kəşfiyyat isə bizə, məsələn, bildirir ki, Putin heç bir razılaşma bağlamaq niyyətində deyil, çünki onun üçün bu, təkcə ərazi məsələsi deyil, əsas olan Ukraynanı onun qonşusu Belarus kimi bir dövlətə çevirmək və ona hökmranlıq etməkdir”, – deyə o söyləyib.

NOCOMMENT.az xəbər verir ki, “Axios” nəşrinə görə, vəziyyətlə tanış olan mənbə bildirib ki, Uitkoff və Kuşner hər iki tərəfdən məlumat toplayıb və Putin və Zelenskiyə razılığa gəlmək üçün lazım olan güzəştləri etməyə təzyiq göstəriblər.

Bildirilir ki, ərazi müzakirələri mürəkkəb olub, lakin ABŞ həll yolu üçün “yeni ideyalar” hazırlamağa çalışır.

Bu həftənin sonlarında Uitkoff və Kuşnerlə əlavə danışıqlar və görüşlər gözlənilir. Bəs bu görüşlərin nəticəsi nə olacaq?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli qeyd edib ki, Ukraynada davam edən müharibə artıq klassik hərbi qarşıdurmadan çıxaraq, ABŞ və Rusiya arasında geosiyasi və iqtisadi maraqların toqquşduğu mürəkkəb bir “biznes sahəsinə” çevrilmiş kimi dəyərləndirilir:

“Mövcud vəziyyət göstərir ki, hazırkı mərhələdə sülhün əldə olunması həm Ukrayna, həm də Rusiya üçün həyati əhəmiyyət daşıyır. Lakin tərəflərin sülhə yanaşması və bu prosesi şərtləndirən maraqları fərqlidir. Rusiya müharibədən məğlub tərəf kimi çıxmamaq üçün bütün siyasi və diplomatik imkanlarını səfərbər etməyə çalışır.

Kreml açıq danışıqlardansa, səhnə arxasında aparılan gizli diplomatik təmaslara üstünlük verir. Bunun əsas səbəbi odur ki, müharibənin uzunmüddətli davamı Rusiyanın hərbi, iqtisadi və sosial resurslarını ciddi şəkildə zəiflədib.

Mövcud resursların Ukrayna müharibəsində qəti qələbə qazanmaq üçün kifayət etmədiyini anlayan Rusiya rəhbərliyi münaqişəni mümkün qədər tez, özü üçün “üz ağardacaq” şərtlərlə başa vurmaq niyyətindədir”.

Samir Əsədlinin sözlərinə görə, digər tərəfdən, müharibənin gələcək taleyi böyük ölçüdə Avropa İttifaqı ölkələrinin Ukraynaya göstərəcəyi siyasi, hərbi və maliyyə dəstəyindən asılı olacaq:

“Avropa Birliyi Ukraynaya ardıcıl və qətiyyətli dəstək verəcəyi təqdirdə, Ukrayna Prezidenti Volodimir Zelenski administrasiyası ABŞ-nin mümkün təzyiqlərinə baxmayaraq, Rusiyanın xeyrinə ola biləcək güzəştli və ya təslimçi sülh sazişini imzalamaqdan imtina edə bilər.

Bu ssenari baş verdiyi halda müharibənin uzanması istisna olunmur. Belə bir vəziyyət isə Rusiya üçün daha ağır nəticələr vəd edir. Müharibənin davam etməsi Kreml üçün onsuz da hiss olunan maliyyə-iqtisadi böhranın daha da dərinləşməsinə, dövlət büdcəsinə təzyiqin artmasına və sosial gərginliyin yüksəlməsinə səbəb ola bilər. Eyni zamanda Qərbin sanksiya siyasəti Rusiyanın manevr imkanlarını daha da daraldır”.

Şərhçi bildirib ki, beləliklə, Ukrayna müharibəsi təkcə cəbhə xəttində deyil, diplomatik masalarda, iqtisadi hesablamalarda və böyük güclər arasında aparılan gizli razılaşmalarda da davam edir:

“Münaqişənin hansı istiqamətdə inkişaf edəcəyi isə növbəti mərhələdə Avropa Birliyinin mövqeyindən və ABŞ–Rusiya arasındakı pərdəarxası razılaşmaların mahiyyətindən asılı olacaq”.

Seçilən
24
nocomment.az

1Mənbələr