AZ

Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır - TAM BƏYANAT

Səfər zamanı apardığımız danışıqlar onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.

Aznews.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında söyləyib.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Əziz dostlar.

İlk növbədə, cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Mənim Slovakiyaya rəsmi səfərim əminəm ki, iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəkdir.

Siz qeyd etdiyiniz kimi, bu, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəridir. Əlbəttə ki, səfər zamanı həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlar bir daha onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.

Qeyd etdiyiniz kimi, keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük.

Siz artıq bizim ikitərəfli gündəliyimizlə bağlı geniş məlumat verdiniz. Sadəcə olaraq, əlavə etmək istərdim ki, qeyd etdiyiniz bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.

Onu da bildirməliyəm ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.

Seçilən
6
aznews.az

1Mənbələr