Olaylar.az xəbər verir ki, məlumatı Politico yayıb. İki avropalı diplomatın sözlərinə görə, G7 maliyyə nazirlərinin görüşü zamanı Tokio Yaponiyada dondurulmuş təxminən 30 milyard dollarlıq Rusiya aktivlərindən Ukraynaya kredit vermək üçün istifadə edə bilməyəcəyini açıq şəkildə bildirib. Ölkə hüquqi məhdudiyyətlərə istinad edib.
Avropa Komissiyası isə 18 dekabr liderlərinin sammitinə qədər Aİ ölkələrinin dondurulmuş Rusiya aktivlərindən 210 milyard avroya qədər istifadə mexanizmi barədə razılığa gəlməsini istəyir.
Maraqlıdır ki, G7 maliyyə nazirləri görüşünün yekun bəyanatında bildirilir ki, qrup ölkələri Ukraynada ədalətli sülhə nail olmaq üçün bütün dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ehtimalını nəzərdən keçirməyə hazırdır: "Ukraynanı maliyyələşdirmək üçün geniş yollar, o cümlədən Rusiya təzminat ödəyənə qədər yurisdiksiyalarımızda dondurulmuş Rusiyanın bütün suveren aktivlərindən istifadənin mümkünlüyünü inkişaf etdirmək üçün birlikdə işləməyə davam edəcəyik".
G7 ölkələri həmçinin "Ukrayna hakimiyyətinin islahatların həyata keçirilməsi, xüsusən də korrupsiyaya qarşı mübarizə və dövlət müəssisələrinin idarə olunmasının təkmilləşdirilməsi səylərini asanlaşdıracağına" söz veriblər. Ukrayna ilə bağlı sülh danışıqları uğursuz olarsa, G7 Rusiyaya təzyiqi artırmağa hazırdır: "Biz razılaşdıq ki, Ukrayna qarşıdan gələn Fransa sədrliyi dövründə G7 üçün prioritet olaraq qalmalıdır". (Musavat.com)