Veysəloğlu Şirkətlər Qrupu “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının təqdimatında iştirak edib -Foto
Dekabrın 8-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanmış “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri, müharibə iştirakçıları, Fondun tərəfdaşları və media nümayəndələri iştirak ediblər.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev kitabın hazırlanma prosesi və əhəmiyyəti barədə məlumat verərək bildirib ki, əsər Qarabağın tarixini, işğal dövrünü, azad edilməsini və bərpa prosesini geniş şəkildə işıqlandırır. Kitab həm mətn, həm fotoşəkillər, həm də interaktiv rəqəmsal materiallarla zənginləşdirilərək Qarabağın dirçəliş hekayəsini oxucuya bütün çalarları ilə təqdim edir.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov kitabın işıq üzü görməsini yüksək qiymətləndirərək bildirib:
"Bizim xalqımız tarix boyu böyük dövlətlər qurub və böyük qələbələr qazanıb. Təəssüf ki, tarixi sənədləşdirmədikdə bəzi qüvvələr bu nailiyyətləri öz adlarına çıxarmağa çalışırlar. Bu kitab isə Qarabağ zəfərimizi rəsmi şəkildə sənədləşdirir, xalqımızın haqq etdiyi tarixi bir neçə dildə dünya ictimaiyyətinə təqdim edir və gələcək nəsillər üçün zəfər tariximizi qoruyub saxlayır."
Tədbir çərçivəsində kitabın təqdimatı, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və dirçəliş işlərini əks etdirən “Faciədən Zəfərə” videoçarxı nümayiş olunub və müəllif Qrem Vilson ilə sual-cavab sessiyası keçirilib.
Tədbirin sonunda Fond tərəfindən kitabın əldə edilməsi üçün ianə edən şirkətlərə təşəkkür sertifikatları təqdim edilib və iştirakçılara Qarabağın dirçəlişini və Azərbaycanın tarixi liderlərini əks etdirən digər nəşrlər hədiyyə olunub.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu Qarabağın və Şərqi Zəngəzurun bərpasında yaxından iştirak edir, Qarabağ Dirçəliş Fonduna davamlı ianələr etməklə işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması, təhsil, ətraf mühitin mühafizəsi və digər layihələrdə fəal şəkildə yer alır.