Ukrayna xüsusi xidmət orqanlarına məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Perm diyarında yerləşən kimya sənayesi müəssisəsinə hücum etdiyi bildirilir. Hadisənin ötən gecə baş verdiyi qeyd olunur.
NOCOMMENT.az xəbər verir ki, Ukrayna KİV-ləri SBU-dakı mənbəyə istinadən yazır ki, hücum Rusiyanın Metafrax Chemicals şirkətinə məxsus zavoda qarşı həyata keçirilib. Müəssisə Perm diyarı ərazisində yerləşir və Rusiya–Ukrayna sərhədindən təxminən 1600 kilometrdən çox məsafədədir.
Mənbənin məlumatına görə, sözügedən müəssisə Rusiyada və Avropada metanol istehsal edən ən iri zavodlardan biridir. Burada həmçinin uratropin, karbamid və pentaeritrit istehsal olunur. Bu maddələr partlayıcıların və hərbi təyinatlı digər məhsulların hazırlanmasında istifadə edilən əsas komponentlər sırasındadır.
İlkin məlumatlara əsasən, hücum nəticəsində zavodun metanol istehsalı qurğusu zərər görüb. Hadisənin miqyası və dəymiş ziyanın həcmi ilə bağlı araşdırmalar davam etdirilir.
Perm diyarının qubernatoru Dmitry Makhonin də səhər saatlarında regionda naməlum obyektə hücum edildiyini təsdiqləyib. Onun sözlərinə görə, insident nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Hazırda Rusiya hüquq-mühafizə orqanları hadisənin bütün hallarını araşdırır, Ukrayna tərəfi isə hücumun məqsədinin Rusiyanın hərbi-sənaye potensialına zərbə vurmaq olduğunu bildirir.
Sara