AZ

Tikililər də artır, qiymətlər də... “Ölkədə qiymətlərə ilk növbədə tikinti şirkətlərinin fəaliyyəti təsir göstərib”

ain.az bildirir, Bizimyol portalına istinadən.

2025-ci ilin sonunda Azərbaycanda kirayə mənzillərin qiymətləri 2024-cü ilin sonu ilə müqayisədə 7,8% artıb. Bizimyol.info xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı-nın “Pul Siyasəti İcmalı”na görə, kirayə qiymətləri ötən ilin ortalarında yavaşlasa da, sentyabrdan yenidən yüksəlib. İlkin mənzil bazarında qiymətlər orta hesabla 12,7%, təkrar bazarda isə 12,2% artıb.Yeni tikililərin sayının artmasına baxmayaraq, qiymətlərin yüksəlməsinin əsas səbəbləri nədir?Hazırda mənzil almaq daha sərfəlidir, yoxsa kirayədə qalmaq?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlaka tələbat çoxalıb: “Ölkədə qiymətlərə ilk növbədə tikinti şirkətlərinin fəaliyyəti təsir göstərib. Yeni layihələrin başlanmasına müəyyən məhdudiyyətlər tətbiq olundu və nəticədə demək olar ki, yeni layihələrə start verilmədi. Bununla yanaşı, armaturun qiymətində artım müşahidə edildi, sərt inşaat normativləri də xərclərə təsir göstərdi. Nəticədə tikinti şirkətləri qiymətləri dayanmadan artırmağa başladılar.

Son illərdə yeni tikililərin sayı artmayıb, əksinə, ciddi azalma müşahidə olunub. Bəzi ərazilərdə söküntü prosesləri başlasa da, bu proses hələ tam şəkildə həyata keçirilməyib. Statistikaya nəzər salsaq, 2016-2018-ci illərdə hər il orta hesabla 70-80 yeni layihənin tikintisinə başlanılırdı. 2020-ci ildən sonra isə bu göstərici demək olar ki, 10 dəfə azalıb. Hazırda Bakı şəhərində ildə cəmi 7-8 binanın tikintisinə start verilir. Ümumilikdə inşaat həcmi 10 dəfə azalıb.

Eyni zamanda daşınmaz əmlaka tələbat çoxalıb. Bazarda təkliflərin az olması tələb-təklif dinamikasını pozur. Hazırda daşınmaz əmlak bazarında, xüsusilə fərdi mənzil fondunda ciddi əmlak çatışmazlığı müşahidə olunur. Tələbat daha çox yeni tikililərə yönəlib.

Mənzil almaq daha sərfəlidir, yoxsa kirayədə qalmaq məsələsinə gəldikdə bu haqda konkret heç kəs proqnoz verə bilməz. Hazırda daşınmaz əmlak bazarı pik dövrünü yaşayır və bu pik dövrün nə vaxt dayanacağını dəqiq demək mümkün deyil. Qiymətlərin stabilləşməsi üçün təxminən 2-3 il vaxt lazım olacaq”.

Elnur Azadov

Elnur Azadovun sözlərinə görə, Bakıda istismar müddəti bitmiş 190 qəzalı binaların sökülməsi gözlənilir: “Yaxın gələcəkdə əsasən Bakı şəhərində istismar müddəti bitmiş binaların sökülməsi gözlənilir. Hazırda təxminən 190 qəzalı bina var ki, onların sökülməsi mütləqdir. Bundan sonra sənədsiz evlərin leqallaşdırılması məsələsi var. Əgər hər iki proses həyata keçərsə və tikinti şirkətləri əvvəlki aktivliyini bərpa edərsə, daşınmaz əmlak bazarında qiymətlərin stabilləşməsi gözlənilir. Lakin bu proses 2 ildən tez baş verməyəcək.

Digər bir məsələ odur ki, daşınmaz əmlaka yönəlmiş investisiyalar uzunmüddətli perspektivdə də gəlirli olub. Məsələn, 10 il öncə ipoteka götürən şəxslər daim qiymət artımından faydalanıblar. Əgər vətəndaşa bu gün ipoteka və ya digər kredit mənbələri əlçatandırsa, sözsüz ki, o da qiymət artımından faydalana bilər.

Qeyd edim ki, bir çox hallarda daşınmaz əmlaka yönəlmiş investisiyalar bank depozitləri ilə müqayisə edilir. Hazırda banklarda illik depozit faizləri 9-10% civarındadır, daşınmaz əmlakın qiymət artımı isə təxminən 12% təşkil edir.

Məsələn; vətəndaş 100 kvadrat metrlik mənzil almaq istəyirsə, Bakı şəhərində bunun üçün təxminən 200-220 min manat vəsait tələb olunur. Əgər vətəndaş həmin vəsaiti bir neçə il depozit hesabında saxlayarsa, illik faiz gəliri əldə edəcək. Bu faiz gəlirlərindən müəyyən qədərini kirayə öhdəliklərini ödəmək üçün istifadə edə bilər və bir neçə ildən sonra daşınmaz əmlakın qiyməti 10-15% ucuzlaşarsa, bu vəsaitdən daha yaxşı fayda əldə etmək mümkün olacaq. Alternativ olaraq, həmin vəsaiti biznesə yönəltmək də mümkündür. Belə yanaşma İranda və Türkiyədə daha çox populyardır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
icma.az

1Mənbələr