AZ

Şuşanın çoxəsrlik tarixə malik şəhərsalma mədəniyyəti və memarlıq sənəti nümunələri

Bakı, 20 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamda qeyd edilir ki, ölkəmiz şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.

Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşanın qədim tarixə malik meydan və küçələri – şəhərsalma mədəniyyətinin nümunəsi” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC “Şəhərsalma və Memarlıq İli” çərçivəsində məqaləni təqdim edir.

Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin “Meydan” deyilən əsas meydanı “Rastabazar” küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı Cümə məscidindən ibarət idi.

Şuşada XIX əsrin ikinci yarısında “Bazarbaşı” deyilən yerdən “Şeytan bazar”a qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi “Rastabazar” adlandırılırdı. “Rastabazar”ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi. “Rasta bazar” ən böyük şəhər meydanı olan və Şuşa qalasının Gəncə qapısı yaxınlığında yerləşən “Bazarbaşı”ının şərq küncündən başlayaraq, “Meydan”a kimi uzanırdı.

XVIII əsrin ikinci yarısında Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün yunu, xalçası, ipəyi, dərisi, parçası, çini qabları və zərgərlik məmulatları ilə dünya bazarları miqyasına çıxa bilmiş, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə sata bilmişdi.

Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu.

XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkilib başa çatdırıldı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Leypsiq, London, Mançester, Marsel və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Xüsusi qeyd etmək lazımdır ki, XIX əsrin əvvəllərindən başlayaraq Şuşanın mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri hesab edilən Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələri bu qədim Qala-şəhərin özünəməxsus simasının formalaşmasında əhəmiyyətli rol oynamışdır. Həmin dövrdə şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr də zərb edilirdi.

Şəhərin ticarət həyatında bazarlarda, karvansaralarda və şəhər meydanlarında yerləşən dükanlar da mühüm rol oynayırdı. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmışdı ki, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı.

Qeyd etmək vacibdir ki, tarixi mənbələrdə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. XIX əsrin 60-cı illərində Şuşada illik ticarət gücü 78 milyon manata (rubla) bərabər olan ipəksarıma fabrikləri fəaliyyət göstərirdi ki, çox keçmədən həmin müəssisələrin illik istehsal gücü 117 milyon manata (rubla) çatmışdı. 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı.

XIX əsrin ikinci yarısında tikinti işləri Şuşada daha geniş vüsət almışdı. Xurşidbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlubəyin, Fərzəlibəyin, Nəcəfqulu ağanın, Hacı qulunun, Səfibəyin tikdirdiyi yeni tipli saray və imarətlər, Mehmandarovlara məxsus malikanə kompleksi şəhərə xüsusi gözəllik verirdi. Dövlət tərəfindən əsası qoyulan bir sıra məktəb binaları, Qarabağın imkanlı adamlarının sayəsində ucaldılan məscid və hamamlar o zamankı memarlıq abidələrinin ən gözəl nümunələrindən sayılırdı.

Onu da xüsusi vurğulamaq lazımdır ki, şəhərdəki 17 qədim məhəllənin hər birinin məscidi, bulağı və hamamı mövcud olmuşdur. Eyni zamanda, Şuşada hər məhəlləsinin öz məscidindən başqa XIX əsrdə İbrahimxəlil xanın qızı Gövhərağanın sifarişi ilə Qarabağın bir çox məşhur memarlıq nümunələrinin banisi tanınmış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri Şərq memarlıq üslubunda tikilmiş və Azərbaycanın tarixi-mədəni irs nümunələridir. Bununla yanaşı, vaxtilə şöhrəti nəinki Şuşaya, bir sıra ölkələrə də yayılan memar Kərbəlayi Səfixan Qarabağinin əsərlərindən biri də XIX əsrə aid Saatlı məscididir. Məsciddə ornamentlər qorunub saxlanılmaqla bərpa işləri aparılmışdır. Qeyd etmək lazımdır ki, Saatlı məscidi 17 məhəllə məscidləri içərisində yeganə minarəsi olan məsciddir.

Məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən sonra yazmışdı: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.

Seçilən
8
azertag.az

1Mənbələr