AZ

ANA DİLİ, yoxsa "Ana dili" -21 Fevral ağrılarımız



Dünyada hər il 21 fevralı Beynəlxalq Ana Dili Günü kimi qeyd edirlər. Biz də qeyd edirik – amma bir az fərqli. Bizdə ana dilini sevmək daha çox pafoslu tost deməyə, efirdə şeir deyib süni şəkildə göz yaşı axıtmağa bənzəyir. Hamımız dilin saflığından, kəskinliyindən, zənginliyindən dəm vururuq, amma elə ki maşından düşüb dükana giririk, dilimiz dönür olur "vopşe", "uje", "panyatna". Elə bil, ana dili bizim üçün ancaq qəbirüstü abidələrdə və rəsmi iclasların darıxdırıcı protokolunda yaşamağa məhkum edilmiş bir məhbusdur.

Tarixin o qanlı ironiyasına baxın: vaxtilə Stalin babanın qırmızı repressiya maşını bu dili yer üzündən silmək üçün aydınlarımızı Sibir buzlaqlarında çürüdürdü. Mikayıl Müşfiqi ona görə güllələmişdilər ki, o, dili sadəcə söz yığını yox, ruhun musiqisi hesab edirdi. Salman Mümtazı, Bəkir Çobanzadəni "pantürkist" damğası ilə məhv edəndə məqsəd tək-tək adamları öldürmək deyil, bu millətin minillik yaddaşının "reset" düyməsini basmaq idi. Əlifbanı hər on ildən bir dəyişib bizi öz keçmişinə boylana bilməyən, babasının qəbir daşını oxumağı bacarmayan "mankurtlar" ordusuna çevirmək istəyirdilər.
Amma mənzərənin ən dəhşətli tərəfi budur: o vaxt dil uğrunda ölənlər var idi, indi isə dili öldürənlər var. Özü də bu qətliamı nə NKVD-nin cəlladları edir, nə də sovet senzurası. Bunu biz özümüz edirik – özü də çox "estetik" və modern şəkildə. Televizoru açırsan, efirə çıxan hansısa "sosial media fenomeni" elə bir dildə kəllə-mayallaq gedir ki, adamın qulaqlarından qan damcılayır. Azərbaycan dilini "Google Translate"in insafına buraxıb, sonra da üstündən "təşəkkürlər", "mən şok", "ay dadlı" kimi mənasız kəlmələrlə keçiblər.

Ulu Öndər Heydər Əliyev 1978-ci ildə Kremlə kəllə atıb Konstitusiyaya o maddəni salanda Moskvanın canına vəlvələ düşmüşdü. Adam təkbaşına bir imperiyaya sübut edirdi ki, bu xalqın dili onun varlığıdır. İndi Konstitusiyamızda dil haqqında hər şey var, hər şey rəsmidir, hər şey "qaydası"ndadır. Amma şəhərin mərkəzində başını qaldırıb lövhələrə baxanda elə bilirsən Bakıda yox, hansısa bir Nebraska ştatının ucqar, zövqsüz kəndindəsən. "Luxury Residence", "Car Wash", "Beauty Studio", "Grand Opening"... Dilimiz o lövhələrdə sanki bir dilənçi günündədir – küncə qısılıb ki, bəlkə kimsə ona rəhm edib bir-iki kəlmə düzgün söz deyər.


Cənab Prezident AMEA-nın yubileyində deyəndə ki, "bizim dilimiz dünya dilləri arasında ən zəngin dillərdən biridir", yəqin həm də bu dilin misilsiz dözümlülüyünü nəzərdə tuturdu. Doğrudan da, bizim dilimiz çox dözümlüdür. Bu qədər şablonçu məmura, bu qədər "copy-paste"çi jurnalistə, bu qədər savadsız müğənniyə dözürsə, deməli, bu dil ölümsüzlük iksiri içib. Amma belə davam eləsək, gələcək nəsil ana dilini ancaq bayramlarda muzey vitrinindəki "tarixi eksponat" kimi görəcək.

Hüseyn Cavid Əfəndinin o vaxtkı o saf, qatışıqsız türkcəsi ilə indiki "vloger"lərin "mikst" ləhcəsini müqayisə edəndə adamın ruhu üşüyür. Dil bizi ən çətin illərdə qorudu, bəs biz bu azadlıq dövründə dili qoruya bildikmi? Sual budur. Yoxsa 21 fevral gələndə bir-iki pafoslu status yazıb, altına da ingiliscə "Happy Mother Language Day" (hələ bir-iki dənə də səhv bəzəklə) qeyd edib missiyamızı bitmiş hesab edəcəyik?

Dilimizi bu gün "brend" naminə qurban verənlər, uşağının dilindən ana südünün tamını yox, "prestijli" yad kəlmələri eşidəndə fəxr edənlər sabah hansı dildə cavab verəcəklər, bax o maraqlıdır. Unutmayaq ki, qeyrətini çəkmədiyimiz dilin sabah hayını da çəkə bilməyəcəyik. Çünki dil sadəcə danışmaq üçün deyil, həm də lazım gələndə susmamaq və mənliyini hayqırmaq üçündür. Biz isə deyəsən, ana dilində susub, özgə dildə “böyük-böyük” danışmağa çox öyrəşmişik.

Əgər bu gedişlə davam etsək, növbəti fevralda ana dilimiz bizdən incidiyini hansı dildə desə yaxşıdır? Yəqin ki, elə o "luxury" dediyiniz dildə. Çünki biz artıq öz evimizdə öz dilimizə sığınacaq axtaran qəriblərə çevrilmişik. Və ən böyük faciə odur ki, bu qəribliyi bizə Stalin yox, öz laqeydliyimiz və "modernlik" xəstəliyimiz bağışlayıb. İndi oturaq, Beynəlxalq Ana Dili Gününü “vəlvələ” ilə qeyd edək, amma unutmayaq ki, dil getsə, arxasınca gedəcək olan təkcə sözlər deyil, həm də Vətən olacaq!"

Şəmsi Qoca



Seçilən
0
aia.az

1Mənbələr