AZ

Şəhərsalmaya və memarlığa gözəl bələd olan Ulu Öndər bu sahələrin inkişafını daim diqqət mərkəzində saxlayıb ŞƏRH

Bakı, 20 fevral, Günel Türksoy, AZƏRTAC

Azərbaycanda müasir demokratik və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli ordunun formalaşması, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna, əvəzolunmaz yeri var. O, öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə və müasir Azərbaycan dövlətinin qurulmasına nail olub. Məhz Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Keçən əsrin 90-cı illərin əvvəllərində baş vermiş məlum hadisələrdən sonra Azərbaycan kimi məmləkətin üzləşdiyi çoxsaylı problemlərin fonunda ölkəyə vətənpərvər, əzmkar, xalq sevgisi ilə yaşayan müdrik siyasətçinin rəhbərlik etməsi artıq dövrün tələbi idi.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının katibi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rüfət Ağazadə deyib.

O xatırladıb ki, son illər ərzində yüzlərlə sənaye, hərbi-strateji və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, parklar, yollar salınır. Azərbaycanın inkişaf konsepsiyası sübuta yetirir ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizin sürətli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir. Dövlətimizin başçısı qəbul olunan mühüm Dövlət proqramlarının həyata keçirilməsini, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması yaradılması məqsədilə quruculuq işlərinin daha da genişləndirilməsini və verilən tapşırıqların yerinə yetirilməsini daim diqqət mərkəzində saxlayır.

R.Ağazadə Ümummilli Lider Heydər Əliyevin bütün həyatını Azərbaycan dövlətçiliyinin maraqlarına, uzun illər xalqın yaddaşında yaşayan müstəqillik arzularının reallaşdırılmasına sərf etdiyini xatırladıb. O, daha sonra deyib: “Şuşanın işğaldan azad olunması xəbərini xalqa çatdırmazdan əvvəl Prezident İlham Əliyevin Ulu Öndərin məzarını ziyarət etməsi və "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!” tarixi sözləri dilə gətirməsi bu baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir”.

O deyib ki, şəhərsalma və memarlıq sahələrinə gözəl bələd olan Ulu Öndər Heydər Əliyev bu sahələrin inkişafını daima diqqət mərkəzində saxlayıb. Şəhərimizə gözəllik qatan əzəmətli memarlıq nümunələrinə onun özünəməxsus yanaşması var. “Dahi insan layihələndirmə və tikinti işlərində sırf mütəxəssis mövqeyindən çıxış edərək, öz tövsiyələri ilə layihələrə rəngarənglik qatıb. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının binasının tikintisinin gedişatı ilə maraqlanan Ulu Öndər inşaat meydançasında keçirdiyi operativ müşavirə zamanı memarlıq sahəsində öz dərin nəzəri bilikləri ilə hətta mütəxəssisləri də təəccübləndirirdi. Onun məşhur dörd klassik memarlıq orderi olan Toskan, Dorik, İonik və Korinf orderlərindən savayı, hətta çox da geniş yayılmayan Kompozit orderi barədə də biliklərə malik olması heyrət və qibtə doğururdu”.

R.Ağazadə qeyd edib ki, şəhərsalma və memarlıq üzrə qanunvericilik bazasının yaradılması sahəsində, ölkəmizdə memarlığın inkişafı ilə bağlı mühüm qanunvericilik sənədləri, o cümlədən “Şəhərsalmanın əsasları haqqında”; “Memarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ-texniki sənədlər məhz Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb.

“Zəngin memarlıq ənənələri olan məmləkətimizin bu gün nəhəng inşaat meydançasını xatırlatması, ictimai, iqtisadi, siyasi həyatın demək olar ki, bütün sahələrində əldə olunan nailiyyətlər, diplomatiya, mədəniyyət, incəsənət, idman, hərbi sahələrində qazanılan böyük uğur və qələbələr Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olduğunu təmin etdi. Bu, xalqımızın şərəfli keçmişinə, millətimizin hünər və bacarığına, Ulu Öndər Heydər Əliyevin işini uğur və ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin qətiyyətinə və uzaqgörənliyinə olan dərin inamdan qaynaqlanır”, - deyə o əlavə edib.

Seçilən
25
azertag.az

1Mənbələr