Dünyada 3 milyarddan çox insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır, 300 milyondan çox insan isə ümumiyyətlə yaşayış yeri ilə təmin olunmayıb.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən Qabonun mənzil, şəhərsalma və kadastr naziri Ludovic Megne Ndong bildirib.
Onun sözlərinə görə, Qabonda urbanizasiya səviyyəsinin 80%-i ötməsi mənzil sektorunda struktur çatışmazlığı artırıb və hazırda ölkədə mənzil çatışmazlığı 300 min vahid təşkil edir.
Nazir qeyd edib ki, hökumət bu problemin həlli üçün Qabon Mənzil Fondunu yaradıb, dövlət-özəl tərəfdaşlığını genişləndirib və mənzil sektoru üzrə 250-dən çox əsas göstəricini əhatə edən məlumat sisteminin formalaşdırılmasına başlayıb.
Qabon rəsmisi bildirib ki, bu addımlar investisiyaların daha səmərəli istiqamətləndirilməsinə və vətəndaşların layiqli mənzilə çıxışının genişlənməsinə xidmət edəcək.