İşğal olunmuş Krımdakı rus əsgərlərinin oğurlanmış hərbi və məişət əşyalarını yerli əhaliyə yenidən satdıqları bildirilir. "Krım Realitiləri"nin yerli fəala istinadən verdiyi məlumata görə, rus əsgərləri oğurlandığı güman edilən müxtəlif əşyaları aşağı qiymətə satırlar.
Hafta.az yazır ki, fəal deyib: “Rusiyanın işğalı haqlı çıxarmaq üçün istifadə etdiyi "xüsusi hərbi əməliyyat" termini ilə tanınan şəxslər nəqliyyat vasitələrində məhəllələrdə gəzərək generatorlar, mişarlar və müxtəlif məişət əşyaları təklif edirlər”.
Yerli fəal qeyd edib ki, əşyalar bazar dəyərindən xeyli aşağı qiymətə satılır və satıcılar qiymətləri sövdələşmədən endirməyə hazırdırlar.
Onun sözlərinə görə, bunların ya talan edilmiş mallar, ya da könüllülər tərəfindən göndərilən və hərbi hissələrdə qeydiyyata alınmayan materiallar olduğu aydındır. Digər tərəfdən, işğal olunmuş Ukrayna ərazilərində, xüsusən də Rusiya tərəfindən işğal edilmiş Krımda fəaliyyət göstərən gizli müqavimət hərəkatı "Atəş" əvvəllər Krımda iqtisadi çətinliklər və sosial infrastrukturun pisləşməsi səbəbindən yerli əhali arasında narazılığın artdığını bildirmişdi.
Müqavimət hərəkatına görə, Rusiyanın "xüsusi hərbi əməliyyatları"nda iştirak edənlərə və onların ailələrinə verilən imtiyazlar cəmiyyətdə iğtişaşlara səbəb olur.
“Atəş” müharibə iştirakçılarının ailələrinə mənzil və torpaq sahələrinin ayrılmasında üstünlük verildiyini və uşaqlarına universitetlərə qəbulda güzəştli münasibət göstərildiyini bildirib.