Livan Səhiyyə Nazirliyi: Mart ayından bəri 3 020 nəfər həyatını itirib...
Poliqon xəbər verir ki, Livan Səhiyyə Nazirliyi mart ayının əvvəlindən etibarən İsrail zərbələri nəticəsində həlak olanların sayının 3 000-i aşdığını açıqlayıb. Nazirlik bu məlumatı aprelin 17-də elan edilmiş atəşkəsin döyüş əməliyyatlarını dayandıra bilmədiyi aydın olduqdan sonra bazar ertəsi günü ictimaiyyətə çatdırıb.
Nazirliyin rəsmi bəyanatına görə, martın 2-dən mayın 18-dək davam edən İsrail hücumları nəticəsində 3 020 nəfər həlak olub, 9 273 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanlar arasında 18 yaşına çatmamış 211 uşaq və yeniyetmə, həmçinin 116 səhiyyə işçisi də yer alır.
Xatırladaq ki, "Hizbullah" ilə İsrail arasındakı aktiv döyüş əməliyyatları martın 2-dən etibarən yenidən alovlanıb. Aprelin 17-də bağlanan atəşkəs sazişi isə münaqişəni tam dayandırmaq baxımından nəticəsiz qalmış, zorakılıq davam etmişdir.
Poliqon.info