AZ

Litva XİN: Ruslara göstərməliyik ki, onların kiçik qalasını yarmağa qadirik

Rusiya NATO-nun cavabından qorxmalıdır və Kalininqradı öz təhlükəsizliyinin təminatı hesab etməməlidir...

Poliqon xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kyastutis Budris NZZ nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Rusiya Kalininqrad vilayətini hava hücumundan müdafiə sistemləri və raket kompleksləri ilə güclü hərbi dayaq nöqtəsinə çevirib. Bununla belə, Budris hesab edir ki, NATO bu potensialın Alyans ölkələrinə qarşı istifadəsinin qarşısını almaq üçün kifayət qədər resurslara malikdir.

"Ruslara göstərməliyik ki, onların Kalininqradda qurduqları kiçik qalasını yarmağa qadirik", deyə o bildirib.

Qeyd olunur ki, söhbət məhz çəkindirmə amilindən gedir. Məqsəd Rusiyanı Alyans ölkələrinə qarşı aqressiv addımlardan çəkindirməkdir.

"Zərurət yaranarsa, NATO orada yerləşən Rusiya hava hücumundan müdafiə bazalarını və raket bazalarını yerlə-yeksan etmək imkanına malikdir", deyə Budris vurğulayıb.

Litvanın xarici işlər naziri Avropanın Rusiya ilə mümkün münaqişə risklərini kiçiltməməli olduğunu bildirib. Onun fikrincə, çəkindirmə sistemi uğursuz olarsa, müharibənin nəticələrini təkcə NATO-nun şərq cinahındakı ölkələr deyil, bütün Avropa hiss edəcək.

"Moskva ilə münaqişənin yalnız Rusiyanın birbaşa qonşularına təsir edəcəyi düşüncəsi təhlükəli səhvdir. Bu, Rusiya təbliğatının bir hissəsidir. Əgər cəbhə xətti çöksə, hər şey dağılacaq - Avropa İttifaqı, iqtisadiyyat və sosial nizam", deyə Budris xəbərdarlıq edib.

Litva XİN rəhbərinin fikrincə, ABŞ-nin Avropanın müdafiəsində rolu azalarsa, Avropa ölkələri öz müdafiə qabiliyyətlərini gücləndirməli və təhlükəsizlik yanaşmalarını yenidən nəzərdən keçirməli olacaqlar.

Poliqon.info

Seçilən
70
poliqon.info

1Mənbələr