Yaxın Şərqdə davam edən hərbi qarşıdurma qlobal iqtisadiyyatın əsas damarlarını iflic etdiyi bir vaxtda, Qərb dünyasından rəsmi Tehrana qarşı növbəti iqtisadi və siyasi təzyiq dalğası gəlib. Avropa İttifaqı dünya ticarəti üçün kritik əhəmiyyət kəsb edən Hörmüz boğazındakı dəniz blokadasına kəskin reaksiya nümayiş etdirib.
Musavat.com xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası İranın Hörmüz boğazını bağlaması və dəniz nəqliyyatını məhdudlaşdırması ilə əlaqədar bu ölkəyə qarşı tamamilə yeni və xüsusi bir sanksiya rejimi hazırlayıb. Avropa İttifaqının rəsmi bəyanatında bildirilir ki, Brüssel bölgədə azad naviqasiya hüququnun pozulmasını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirir.
Avropa İttifaqı Şurasının yaydığı rəsmi press-relizdə mövzu ilə bağlı aşağıdakı şok bəndlər yer alıb:
"Şura ilkin olaraq 2023-cü ildə İrana qarşı Rusiyaya göstərdiyi hərbi dəstəyə görə tətbiq edilmiş qadağanedici tədbirlərin miqyasını əhəmiyyətli dərəcədə genişləndirmək barədə rəsmi qərar qəbul edib. Yeni təkmilləşdirilmiş sanksiya mexanizmi birbaşa olaraq İranın Yaxın Şərqdə azad naviqasiya və gəmiçilik təhlükəsizliyini təhdid edən hərəkətləri ilə əlaqəli olan fiziki şəxslərə və təşkilatlara (şirkətlərə) qarşı yönəldiləcək".
Aİ rəsmilərinin qənaətinə görə, İranın Hörmüz boğazındakı hərbi və strateji hərəkətləri beynəlxalq dəniz hüququ qanunvericiliyinə tamamilə ziddir. Hazırda yeni rejim çərçivəsində konkret cəza tədbirlərinin siyahısı rəsmən təsdiqlənməsə də, bunun çox yaxın zamanlarda baş verəcəyi bildirilib. Qəbul olunacaq yeni məhdudiyyətlər ənənəvi olaraq qara siyahıya düşən İran rəsmilərinin və şirkətlərinin Avropa İttifaqı ərazisinə girişinə qadağa qoyulmasını və onların Avropa banklarındakı bütün maliyyə aktivlərinin dondurulmasını ehtiva edəcək.
Musavat.com