AZ

“Ailələrin dağılmasında qadınların da rolu ilə bağlı epizodlar olur” Deputatdan məhkəmələrə ÇAĞIRIŞ

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İllik aliment ödəməyən şəxslərin sayı keçən ilin statistikasında artmış görünür. Aliment ödəməyənlərin böyük hissəsi ya rəsmi gəliri olmayan, ya da məsuliyyətdən yayınan şəxslərdir. Bu isə alimentin icra prosesini çətinləşdirir. Məhz bu səbəbdən son dövrlər aliment fondunun yaradılması məsələsi yenidən gündəmə gəlib.

Bəs aliment fondu yaradılmalıdırmı?

Redaktor.az-a danışan Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, aliment fondu ilə bağlı təşəbbüslər geniş şəkildə dəstəklənmədi. Onun sözlərinə görə, buna görə də hazırda bu mövzunun yenidən gündəmə gətirilməsi əvvəlki qədər aktual görünmür:

"Amma istənilən halda, alimentlə bağlı mövcud problemlərin həlli istiqamətində optimal mexanizmlər tapılmalıdır. Həqiqətən də bəzi insanlar işsizlik səbəbindən aliment öhdəliklərini yerinə yetirə bilmirlər. Digər bir qisim isə aliment ödəməmək üçün rəsmi iş yerlərində çalışmaqdan yayınır, qeyri-rəsmi fəaliyyətə, fərdi sahibkarlığa və digər qeyri-formal qazanc yollarına üstünlük verir".

Müsahibimizin fikrincə, aliment ödəməyin mənəvi tərəfləri də cəmiyyətə daha geniş şəkildə aşılanmalıdır.

"İnsanlara izah olunmalıdır ki, söhbət onların öz övladından gedir və ailə münasibətlərinin hansı formada nəticələnməsindən asılı olmayaraq, valideyn övladının yaşayışına dəstək göstərməlidir. Bu məsuliyyətdən yayınmaq təkcə hüquqi deyil, həm də mənəvi problemdir. Eyni zamanda, bəzi hallarda ailələrin dağılmasında qadınların da müəyyən rolu ilə bağlı epizodlar olur. Bu məqamlar məhkəmələr tərəfindən ciddi araşdırılmalı və qərar qəbul edilərkən bütün tərəflərin məsuliyyəti obyektiv şəkildə nəzərə alınmalıdır. Digər tərəfdən, xüsusilə aliment ödəmək istəyən şəxslərin işlə təmin olunması istiqamətində dəstək mexanizmləri gücləndirilməlidir. Onların məşğulluğuna yardım göstərilməsi həm sosial problemin həllinə, həm də aliment öhdəliklərinin yerinə yetirilməsinə müsbət təsir edə bilər", - deyə Fazil Mustafa yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
1
redaktor.az

2Mənbələr