İran Silahlı Qüvvələrinin bəyanatında boldirlir ki, ABŞ "hər hansı bəhanə ilə axmaqlıq edərsə" cavab veriləcək..
Poliqon xəbər verir ki, İran Silahlı Qüvvələrinin hərbi mənbəyi ölkəyə qarşı hər hansı əməliyyat həyata keçirilməsi halında düşmənlərin ciddi nəticələrlə üzləşəcəyini açıq şəkildə bəyan edib. Tasnim agentliyinin məlumatına görə, mənbə İran ordusunun vəziyyəti tam nəzarət altında saxladığını və yeni ssenarilər hazırladığını bildirib.
"İran Silahlı Qüvvələri vəziyyəti tam izləyir və hər hansı bəhanə ilə düşmən tərəfindən axmaqlıq edilərsə, ABŞ-yə və müttəfiqlərinə qarşı tətbiq ediləcək yeni qarşıdurma ssenariləri hazırlanıb", deyə mənbə qeyd edib.
Mənbə həmçinin vurğulayıb ki, düşmən "hər hansı axmaq addım" atarsa, İranın hərbi əməliyyatlarının üçüncü mərhələsi işə düşəcək. Bu mərhələ yeni texnika, yeni hədəflər, eləcə də tamamilə fərqli taktika və hərbi strategiya əsasında qurulacaq.
Mənbənin sözlərinə görə, yeni transregional cəbhələrin açılması düşmənləri İrana qarşı düşmənçilik siyasəti yürütməkdən peşman edəcək. Bundan əlavə, ABŞ-nin hərbi vasitələrlə üstünlük qazanmaq və güzəştlər əldə etmək imkanının olmadığı vurğulanıb.
"Həddindən artıq tələblər, əsassız bəhanələr və İrana qarşı mümkün hərbi addımlar atılması halında ABŞ bir ildən az müddət ərzində daha konkret və yeni üsullarla üçüncü ciddi zərbə ilə üzləşəcək", deyə mənbə sözlərinə əlavə edib.
Poliqon.info