Zaur İbrahimli
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü
WUF13 Azərbaycanın ev sahibliyi bacarığını nümayiş etdirməklə yanaşı, eyni zamanda yerli QHT sektorunun necə fəal, yaradıcı, yüksək peşəkar və sözün əsl mənasında vətənpərvər oduğunu, intellektual potensialını bütün dünyaya göstərdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və onun strateji vizyonu ilə reallaşdırılan xarici siyasət kursu, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki çəkisini və "yumşaq güc" potensialını tarixdə görünməmiş səviyyəyə yüksəltmişdir. Dövlət başçısının uğurlu xarici siyasəti, ölkəmizə artan etimad, ölkəmizin humanitar siyasəti Azərbaycan QHT-lərinin qlobal platformalarda təşəbbüskar və rəqabətə davamlı iştirakçı kimi çıxış etməsinə birbaşa zəmin yaratmışdır. Klassik və məhdud vətəndaş cəmiyyəti çərçivələrini aşan bu yanaşma, Azərbaycan QHT sektorunu milli və regional hüdudları aşaraq, beynəlxalq arenaya iddialı çıxışını və qlobal çağırışlara çevik cavab verməsini şərtləndirmişdir.
Son illər ərzində Azərbaycanın QHT sektorunda aparılmış köklü sağlamlaşdırma, şəffaflıq və institusional quruculuq tədbirləri sektorun həm ambisiyalarını, həm də praktiki səriştələrini keyfiyyətcə yeni mərhələyə çıxarmışdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması ilə sürətlənən islahatlar dalğası real və ictimai faydalı potensialı ön plana çıxarmışdır.
Azərbaycan QHT sektoru artıq daxili qrant müsabiqələrinin lokal çərçivəsindən tamamilə uzaqlaşaraq, böyük miqyaslı resursları idarə etmək, beynəlxalq ekspertiza formalaşdırmaq və qlobal şəbəkələrə uğurla rəhbərlik etmək bacarığını nümayiş etdirir. Son illərin quruculuq işləri sektoru "tədbir xatirinə tədbir" imitasiyasından çıxarıb, real intellektual məhsul istehsalçısına çevirmişdir.
QHT sektorunun WUF13-də fəal, sistemli iştirakı bunu daha əyani nümayiş etdirdi. Son üç ildə planlı şəkildə həyata keçirilən beynəlxalq şəbəkələşmə strategiyası nəticəsində Azərbaycan QHT-ləri artıq qlobal humanitar, ekoloji gündəliyini birbaşa müəyyən edən aparıcı aktorlar sırasında yer almağa başlayıb.
WUF13 Azərbaycanın ev sahibliyi bacarığını nümayiş etdirməklə yanaşı, eyni zamanda yerli QHT sektorunun necə fəal, yaradıcı, yüksək peşəkar və sözün əsl mənasında vətənpərvər oduğunu, intellektual potensialını bütün dünyaya göstərdi.
Azərbaycan QHT sektoru bu forumda intellektual potensialını, beynəlxalq əməkdaşlığını, təsir imkanlarını, kerativliyini də real nümayiş etdirdi. Mədəni irsimizin, xalq yaradıcılığımız, sənətkarlığıq nümunələrimiz, milli geyimlərimizdən tutmuş logistika imkanalrımıza qədər nümayiş etdirdik. Yüzlərlə tədbir, müzakirələr ölkəmizi daha yaxşı tanıtdı, özümüz haqqında yüksək səslə danışdıq.
Ümumdünya Şəhərsalma Forumunun (WUF) tarixində ilk dəfə olaraq Azərbaycanının təşəbbüsü ilə QHT Forumunun təşkil edilməsi milli QHT sektorunun təşəbbüslərinin qlobal xarakter almasını əyani şəkildə sübut edir. WUF icraçı direktoru Anacláudia Rossbach bu forumu WUF tarixində bir ilk adlandırdı. Bu, Azərbaycan QHT-lərinin qlobal miqyasda tanınması və nüfuzunun bariz göstəricisidir.
Qlobal Cənub QHT Platforması (GCNP) vasitəsilə Azərbaycan vətəndaş cəmiyyəti beynəlxalq platformalarda, ətraf mühitin qorunması, iqlim dəyişiklikləri, qeyri-bərabərliyə və neokolonializm təzahürlərinə qarşı mübarizənin əsas mərkəzinə çevrilmişdir. Platformanının WUF13 pavilyonunda aktivlik bunu əyani göstərdi. Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan GSNP qlobal arenada artıq güclü mövqeyini tutub və dinamik inkişaf nümayiş etdirir.
Bu tarixi nailiyyətin arxasında dayanan ən mühüm institusional faktor – dövlət başçısının rəhbərliyi altında QHT sektorunun inkişafı siyasətinə məsul olan şəxslərin və qurumların nümayiş etdirdiyi yüksək peşəkarlıq və strateji menecment keyfiyyətləridir. Zamanın çağırışlarına anında, qətiyyətli və adekvat reaksiya vermək, məhdud lokal çərçivələrlə deyil, geniş miqyasda düşünmək bacarığı uğurun əsas rəhnidir.
Məsul dövlət strukturları Prezident İlham Əliyevin dövlətçilik və xarici siyasət, milli inkişaf vizyonunu vətəndaş cəmiyyəti sektoruna mükəmməl şəkildə proeksiya edə biliblər. Burada ən vacib məqam – zamanı düzgün anlamaq, qlobal trendləri qabaqlamaq və mövcud çağırışları düzgün oxuyaraq resursları milli hədəflərə doğru fədakarlıqla səfərbər etməkdir.
Yaxşı, sistemli və fədakarlıqla görülmüş iş hər zaman öz-özü haqqında aydın şəkildə danışır, nəticələr isə göz qabağındadır. WUF13-də əldə olunmuş bu nailiyyətlər, yaradılmış bu "Bakı standartı", gələcək qlobal platformalarda ölkəmizin mövqelərini və nüfuzunu daha da gücləndirəcək.