"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının sonuncu, 33-cü turunda "İmişli" ilə baş tutan matçdan (1:1) sonra oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, baş məşqçi matçın turnir cədvəli baxımdan əhəmiyyət daşımamasına rəğmən, futbolçuların meydanda əzmkarlıq göstərdiyini bildirib:
"Oyunun turnir cədvəli baxımdan mahiyyəti yox idi. Amma futbolçular qalib gəlmək istəyirdilər, meydanda yaxşı mübarizə gördük. Mövsümü bitirdik, ağır yol keçdik. Təəssüflər olsun ki, komandamız 1-ci Liqaya yuvarlandı. Futbolçular meydanda əziyyət çəkdilər. Bütün mövsümə görə, futbolçularıma çox sağol deyirəm. Əziyyətə olan hər kəsə minnətdaram. Baxmayaraq ki, istədiyimizə nail ola bilmədik. Amma artıq mövsüm bitdi, hər bir futbolçuya uğurlar arzulayıram".
Baş məşqçi komandanın gələcək strategiyası ilə bağlı məsələlərə də aydınlıq gətirib:
"Çox istəyirəm ki,1-ci Liqaya düşsək də, orada iddialı mübarizə aparaq və yenidən Premyer Liqaya geri qayıdaq. Yəqin ki, sabah rəhbərliklə bu yöndə görüşümüz olacaq. Təbii ki, əgər mənim irəli sürdüyüm şərtlər və tələblər yerinə yetirilərsə, komandada qalacağam. Heyətimizdə 1-ci Liqada da bizə kömək edə biləcək yaxşı futbolçular var. Şərtlər qənaətbəxş olarsa, həmin oyunçularla da danışıqlar apararıq və onlar komandada qalarlar. Amma bu məsələdə öncəlik rəhbərliyin istəyidir".
Digər klublardan gəlməsi ehtimal olunan təkliflərə də toxunan mütəxəssis bu məsələyə belə aydınlqı gətirib:
"Öncə hazırkı klubumla danışacam. Rəhbərliklə sabah görüşəcəyik. Görüşümüzdən çox şey asılıdır. Ondan sonra digər məsələlərə qayıdacağıq".