AZ

"Mikelsin gedişi "Sabah" üçün çətinlik yarada bilər" - MÜSAHİBƏ

"Qəbələ" və "Araz-Naxçıvan" klublarında baş məşqçi kimi çalışmış Elmar Baxşıyev Sportal.az saytına müsahibə verib.

- Bu mövsüm Azərbaycan çempionatında və kubokunda "Sabah"ın dominantlığı oldu. Onların mövsümü "qızıl dubl"la başa vurmasını necə şərh edərdiniz?

- "Sabah" bu mövsüm çempionat və kubokda qalib gəlməklə, bu mövsümü öz xeyirlərinə başa vurmağı bacardı. Oyun planında da bu mövsüm “Sabah” rəqiblərindən üstün olduğunu hiss etdirdi. Bunu dominantlıq yox, sadəcə uğurlu mövsüm kimi qiymətləndirmək lazımdır. “Qarabağ”ın son illərdə çempionatdakı hegemonluğuna son qoyulduğundan bu tip söhbətlərin yaranması normal qarşılanmalıdır.  

- Belə fikirlər var ki, "Qarabağ"ın Çempionlar Liqasında iştirakı, "Sabah" üçün daha yaxşı oldu, onlar bundan istifadə etdi. Amma Valdas Dambrauskas bununla razı deyil və onların çempionluqlarına hörmət olunmasını tələb edir, mətbuat konfransında bunu deyib. Sizcə, həqiqətən "Qarabağ"ın ÇL-ə daha çox güc verməsi, "Sabah" üçün yaxşı oldu?

- Əlbəttə ki, "Sabah" çempion olubsa, hörmətə layiqdir. Bunu nümayiş etmək kimi vurğulamaq sadəcə yanlışdır. "Qarabağ” illərdir ki, bu rejimdə oynayıb, çempion olub. Bu mövsüm “Sabah” dişli və iddiasını ortaya qoymaqla titullara sahib çıxmağı bacardı. 

- Bəs, "Sabah"ın bu dominantlığı davam etdirməsi nə dərəcədə realdır? Vaxtı ilə "Neftçi" də 2020/2021 mövsümündə "Qarabağ"ın dominantlığına son qoydu, gözləntilər başqa idi, lakin davamı gəlmədi...

- Bundan sonrakı illərdə necə olacağını indidən təxmin etmək mümkün deyil. Qarşıdakı illər titula sahib çıxmaq və ya qorumaq daha da çətin olacaq. Klublara oyunlara daha da artıq motivasiya ilə köklənəcəklər. "Neftçi"nin çempionluğu qazandıqdan sonra davamını gətirə bilməməsinə gəldikdə, “Sabah”da da bu cür davam edəcəyini düşünmürəm.

- "Sabah"ı Çempionlar Liqasında təsnifat mərhələsində iştirak gözləyir. Onlar bunun üçün çox güclənməlidir, yoxsa heyət yetərlidir? Coy-Lens Mikelsin gedişi də baş tuta bilər...

- Çempionlar Liqasında oynayan klub hər bir xırda detallara da nəzər yetirməlidir. Heyətin geniş olması mütləqdir. Hər bir komandanın güclənməsinə ehtiyacı var. Hətta çempion olan komandanın da. Onları avrokuboklarda uzun yol gözlədiyindən daha da balanslı və geniş heyəti olmalıdır. Coy-Lens Mikelsə gəldikdə, o, "Sabah"ın aparıcı futbolçusudur. Onun gedişi "Sabah"a çətinlik yarada bilər.

- "Qarabağ" artıq transfer işlərinə və ayrılıqlara hamıdan tez başlayıb. Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae getdi, Kiprdən Jail Muaddi gətirildi. Sizcə, "Qarabağ" yeni mövsüm daha güclü olacaq? Avropa Liqasında da iştirak edəcəklər. Onlardan gözləntiniz nədir?

- "Qarabağ" güclənməklə həm avrokubokları düşünür, həm də çempionluğunu qaytarmaq üçün heyətini gücləndirməlidir. Bu yöndə də artıq transferlərini etməkdədir. Zaman hər şeyi göstərəcək.

- Digər tərəfdən, avrokuboklarda iştirak edəcək "Turan Tovuz" Kurban Berdiyevin, "Neftçi" isə Yuri Vernidubun təcrübəsindən nə qədər istifadə edə biləcək sizcə? Daha doğrusu, onların avrokubok təcrübəsi həlledici rol oynayacaq? Bu iki komandadan nə gözləyirsiz avrokuboklarda?

- Həm "Turan Tovuz", həm də "Neftçi" heyətlərini gücləndirsələr, Konfrans Liqasındakı iştirak üçün də yaxşı olardı. Hər ikisi də təcrübəli məşqçilərdir. Fərqli komandalar ilə avrokuboklarda iştirak ediblər. Burada püşkatmada da hansı komanda ilə düşməkləri önəmlidir. Hər dörd klubumuza uğurlar arzulayıram.

- Adınız "Şamaxı" və bir neçə klubla yanaşı hallanırdı. Yeni mövsümdən Premyer Liqada görəcəyik sizi? Çünki "Qəbələ" və "Araz-Naxçıvan"da uğurlu nəticələr əldə edə bilmişdiniz. Danışıqlar aparırsız hansısa klublarla?

- Heç kimlə danışıq aparmamışam. Sadəcə mətbuat vasitəsi ilə hansısa klublarla danışdığımı oxuyuram.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
45
1
sportal.az

2Mənbələr