AZ

Karnegi Fondu: Yaxın Şərq “əbədi müharibələr”in girovuna çevrilib...  

Analitik mərkəz regiondakı qeyri-sabitliyin əsas oyunçular üçün siyasi və iqtisadi dividendlər yaratdığını bildirib...

Poliqon xəbər verir ki, Beynəlxalq Sülh üçün Karnegi Fondu Yaxın Şərqdə davam edən silahlı qarşıdurmaların arxasında təhlükəsizlik və sabitlik ritorikasından daha dərin siyasi və iqtisadi maraqların dayandığını bildirib. Analitik mərkəzin yaydığı materialda qeyd olunur ki, ABŞ, İsrail və İranın çəkindirmə, sabitlik və preventiv təhlükəsizliklə bağlı ənənəvi ritorikasının arxasında daha sərt reallıq gizlənir, regiondakı münaqişələr əsas aktorların onlardan birbaşa fayda götürməsi səbəbindən davam edir.

Məqalədə vurğulanır ki, Yaxın Şərqdə “əbədi müharibələr” artıq uzunmüddətli və dayanıqlı sistemə çevrilib. Bu sistemdə davamlı münaqişələr hakimiyyət üzərində nəzarəti gücləndirir, iqtisadi dividendlər yaradır və siyasi liderlərə əhalinin gözləntilərini nəzərə almadan idarəçilik aparmağa imkan verir. Ekspertlərin fikrincə, idarə olunan eskalasiya regionun hakim elitaları üçün sülhdən daha sərfəli görünür, çünki xarici təhlükələr fövqəladə səlahiyyətlərin əsaslandırılması, fərqli düşüncələrin boğulması və siyasi hakimiyyətin qorunması üçün alətə çevrilir.

Carnegie ekspertləri bildirirlər ki, regionun təhlükəsizlik arxitekturası illər boyu qarşılıqlı çəkindirmə və hərbi gücə əsaslanan yanaşma üzərində qurulub və bu da böhranların həllini sürətləndirmək əvəzinə onları uzadıb. Təhlildə qeyd olunur ki, İran İraqdan Yəmənədək ərəb ölkələrində yaranmış qeyri-sabitlikdən istifadə edərək təsir imkanlarını proksi qruplar vasitəsilə genişləndirib. Digər tərəfdən, 2003-cü ildə İraqa müdaxilə ilə başlayan beynəlxalq hərbi əməliyyatlar və xüsusilə 2023-cü ilin oktyabr hadisələrindən sonra İsrail üçün alternativsiz təhlükəsizlik prinsipinə çevrilən sərt müdafiə doktrinaları regionda daimi qarşıdurma modelini möhkəmləndirib.

Materialda həmçinin qeyd edilir ki, bu məntiq regionun yerli siyasi elitaları tərəfindən də dəstəklənir. Suriyadan Livanadək bir sıra ölkələrdə uzanan siyasi və iqtisadi iflic vəziyyəti hakim qrupların mövqelərini qorumasına xidmət edir.

Carnegie ekspertlərinin qənaətinə görə, Yaxın Şərqin əsas faciəsi ondan ibarətdir ki, mülki əhalinin maraqları siyasi hesablamalardan faktiki olaraq kənarda saxlanılır və region barədə müzakirələr əsasən təhlükəsizlik təhdidləri və geosiyasi rəqabət dili ilə aparılır. Sadə insanlar münaqişələrin əsas yükünü daşıdığı halda, hakimiyyət elitaları bundan siyasi mövqelərini möhkəmləndirmək üçün istifadə edir.

Analitiklər hesab edirlər ki, əsas qlobal və regional oyunçular yalnız güc metodlarına üstünlük verməyə davam etdikcə eskalasiya təkrarlanacaq. Onların fikrincə, Yaxın Şərqdə sabit gələcəyin təmin olunması yalnız işlək institutların qurulması, iqtisadi imkanların genişləndirilməsi və siyasi inklüzivliyin artırılması ilə mümkün ola bilər, güc tətbiqi və böyük dövlətlərin rəqabəti ilə deyil.

Poliqon.info

Seçilən
17
1
poliqon.info

2Mənbələr