Axşam radələrində Şəkinin bir sıra yaşayış məntəqələrinə güclü leysan yağıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Baş Zəyzid kəndinin dağlıq ərazilərinə yağan güclü leysandan sonra eyniadlı çayda suyun səviyyəsi bir neçə metr qalxıb və çaya lilli su gəlib.
Kənd sakinlərinin sözlərinə görə, selin birinci dalğası zəif olsa da, ikinci dalğa özü ilə dağlardan ağac kötükləri və iri daşlar gətirib. Sel suları nəticəsində kəndin əsas körpülərinə ziyan dəyməsə də, su keçidlərdə yerləşdirilən kiçikhəcmli boruların üzərindən aşaraq onları tamamilə görünməz edib.
Sakinlər bildirirlər ki, son dəfə 2008-ci ildə həmin çayda bənzər daşqın baş vermiş və sel suları kəndin əsas körpüsünü dağıtmışdı.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu