Bir neçə böyük NATO ölkəsi ÜDM-in 0,25%-i həcmində Ukraynaya yeni yardım mexanizmini bloklayıb...
Böyük Britaniya NATO daxilində Ukraynaya əlavə hərbi yardımın artırılmasını nəzərdə tutan yeni planı dəstəkləməyib.
Poliqon xəbər verir ki, vu barədə The Telegraph nəşri məlumat yayıb.
Məlumata görə, təklif alyans üzvlərinin hər birinin ÜDM-in 0,25%-ni Ukraynaya hərbi yardım üçün ayırmasını nəzərdə tuturdu. Lakin bu təşəbbüs NATO daxilində geniş dəstək qazana bilməyib və nəticədə həyata keçirilməyib.
NATO-nun baş katibi Mark Rütte bu həftə planın kifayət qədər dəstək almadığını və reallaşdırılmayacağını etiraf edib.
Mənbələrin bildirdiyinə görə, təşəbbüsün qarşısını alan ölkələr arasında Böyük Britaniya ilə yanaşı Fransa, İspaniya, İtaliya və Kanada da yer alıb. Həmin ölkələrin planla bağlı ehtiyatlı və ya mənfi mövqe sərgilədiyi bildirilir.
Bunun əksinə olaraq, ən azı yeddi NATO üzvü, o cümlədən Niderland, Polşa, eləcə də Şimali Avropa və Baltik ölkələri təşəbbüsü dəstəkləyib. Bu ölkələrin artıq ÜDM-in 0,25%-dən çoxunu Ukraynaya hərbi yardım üçün ayırdığı qeyd olunur.
Məlumata görə, NATO daxilində fikir ayrılıqları Ukraynaya uzunmüddətli dəstəyin mexanizmləri ətrafında müzakirələri daha da intensivləşdirib.
Şənbə günü keçiriləcək NATO toplantısı ərəfəsində Ulf Kristersson üzv ölkələri Ukraynaya dəstəyi artırmağa çağıraraq, bəzi dövlətlərin bəyanatlarını konkret addımlarla təsdiqləməsinin vacibliyini vurğulayıb.
Poliqon.info