Fransa Prezidenti Lukaşenkoya regional gərginlik fonunda ehtiyatlı davranmağı çağırıb...
Fransa Prezidenti Emmanuel Makron Belarusun Ukraynadakı müharibəyə mümkün müdaxiləsi ilə bağlı rəsmi Minskə xəbərdarlıq edib.
Poliqon xəbər verir ki, bu barədə France Presse Agentliyi Yelisey sarayına yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Makron Belarus lideri Aleksandr Lukaşenko ilə 2022-ci ilin fevralından bəri ilk telefon danışığı zamanı ölkəsinin müharibəyə cəlb olunmasının risklərini xüsusi vurğulayıb.
Fransa Prezidenti bildirib ki, Belarusın Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə daha dərin şəkildə cəlb olunması Minsk üçün ciddi nəticələr doğura bilər. Mənbənin sözlərinə görə, Makron eyni zamanda Belarus–Avropa İttifaqı münasibətlərinin yaxşılaşdırılması üçün addımlar atmağa çağırıb.
Belarus tərəfi isə qısa açıqlamada iki liderin regional vəziyyət və Belarusun Avropa İttifaqı ilə, o cümlədən Fransa ilə münasibətlərini müzakirə etdiyini bildirib. Görüşün Fransa tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd olunur.
Qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın əvvəlində Belarus sərhədində təhlükəsizliyin gücləndirilməsi barədə göstəriş verib və Rusiyanın oradan yeni hücum hazırlaya biləcəyi barədə xəbərdarlıq edib. Moskva isə bu iddiaları rədd edir.
Eyni zamanda Rusiya və Belarus son günlərdə birgə nüvə təlimləri keçirib. Belarus ərazisinin Rusiyanın yeni nəsil “Oreşnik” raketlərinin yerləşdirildiyi platformalardan biri olduğu bildirilir.
Məlumata görə, Rusiya son dövrlərdə Ukraynaya qarşı hücumlarda bu tip raketlərdən istifadə edib və bu hücumlar Kiyevdə ciddi dağıntılara səbəb olub.
Poliqon.info