AZ

Komitə sədri xalqımızı bayram münasibətilə təbrik etdi

Komitə sədri xalqımızı bayram münasibətilə təbrik etdi

Azərbaycan Həmrəylik Komitəsinin sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

İctimairəy.az xəbər verir ki, təbrik paylaşımında deyilir:

“Əziz həmvətənlər,

Sizi müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə sağlamlıq, firavanlıq və xoşbəxtlik arzulayıram.

Bu bayram İslam dininin ən mötəbər törələrindən, mərasimlərindən biri olaraq, bizə fədakarlıq, mərhəmət, paylaşmaq və həmrəylik kimi ali dəyərləri xatırladır.

Qurban Bayramı həm dini, həm də milli dəyərlərimizin ən gözəl təcəssümüdür. Bu bayram insanları bir-birinə daha da yaxınlaşdıran, yardımlaşma və qardaşlıq bağlarını möhkəmləndirən bir bayramdır. Bu günlərdə ehtiyacı olanlara əl uzatmaq və bütün soydaşlarımıza həmişəkindən daha çox diqqət, qayğı, sevgi göstərmək bizim hər birimizin mənəvi borcumuzdur.

Azərbaycan xalqı tarix boyu milli birliyini, imanını və mərdliyini, ərənliyini qoruyub saxlamağı bacarıb. 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq, yenilməzlik xalqımızın həmrəyliyinin və gücünün ən parlaq nümunəsidir. Bu bayram günündə biz şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə can sağlığı, xalqımıza isə əmin-amanlıq və rifah diləyirik.

Qurban Bayramı həmrəylik, bütövlük bayramıdır. Biz birlikdə güclüyük, birlikdə qalib gəlmişik və birlikdə daha böyük uğurlara imza atacağıq. Əminəm ki, Qurban Bayramının ruhu — mərhəmət, fədakarlıq və həmrəylik ölkəmizin gələcək inkişafına, milli birliyimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Dəyərli bacı və qardaşlar,

Fürsətdən istifadə edib bir daha hamınızı bu əziz bayram münasibətilə ürəkdən təbrik edirəm. Qoy, həmişə üzünüz gülsün, evlərinizə nur, süfrələrinizə bərəkət, qəlblərinizə sevinc dolsun!

Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, Uca Yaradanın nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun! Qalib Azərbaycanımız var olsun!

Bayramınız mübarək!

Hörmətlə,
Əlisahib Hüseynov
Azərbaycan Həmrəylik Komitəsinin sədri, Qarabağ qazisi”

Seçilən
41
ictimairey.az

1Mənbələr