AZ

Aqrar sektorda və ərzaq təhlükəsizliyində “ağıllı sənaye” mərhələsi

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Dünya ölkələri üzrə kənd təsərrüfatının ümumi iqtisadiyyatda (Ümumi Daxili Məhsulda) çəkisi ölkələrin inkişaf səviyyəsindən, coğrafi mövqeyindən və sənayeləşmə dərəcəsindən asılı olaraq kəskin şəkildə fərqlənir. Qlobal miqyasda kənd təsərrüfatının dünya ÜDM-indəki orta payı təxminən 4-4,3 faiz arasındadır. Lakin bu rəqəm fərqli gəlir qruplarına aid ölkələrdə tamamilə fərqli mənzərə yaradır: Yüksək gəlirli və sənayeləşmiş ölkələrdə (ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya və s.) kənd təsərrüfatının ÜDM-dəki payı adətən 1-2 faiz arasındadır, çünki bu ölkələrdə iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi xidmət və yüksək texnologiyalı sənaye sektorlarıdır. Lakin bu ölkələrdə faiz dərəcəsinin aşağı olması kənd təsərrüfatının zəif olması demək deyil: əksinə, yüksək texnologiya və mexanizasiya sayəsində az işçi qüvvəsi ilə nəhəng həcmdə istehsal reallaşdırılır və bu ölkələr dünyanın ən böyük aqrar ixracatçılarıdır. Keçid iqtisadiyyatına malik və sənayeləşməkdə olan ölkələrdə kənd təsərrüfatının çəkisi 5-15 faiz arasında dəyişir. Dünyanın ən yoxsul və sənayeləşmə səviyyəsi aşağı olan ölkələrində (əsasən Afrika və Asiyanın bəzi ölkələri) kənd təsərrüfatı iqtisadiyyatın onurğa sütununu təşkil edir və ÜDM-də payı 20-50 faiz arasında dəyişir.

Dünya üzrə ÜDM-dəki payı cəmi 4 faiz civarında olsa da, kənd təsərrüfatı qlobal məşğulluqda nəhəng yer tutur. Dünyadakı ümumi işçi qüvvəsinin təxminən 26 faizdən çoxu, yəni hər 4 nəfərdən biri birbaşa kənd təsərrüfatı sektorunda çalışır. Bundan başqa, İnkişaf etməkdə olan ölkələrdə aqrar sektor həm də sosial sabitliyin, ərzaq təhlükəsizliyinin, regionların inkişafının, məşğulluğunun və ixrac potensialının əsas təminatçısı rolunu oynayır.

Ölkəmizə gəldikdə isə, 2025-ci ildə kənd təsərrüfatı istehsalı ÜDM-in 5,9 faizini təşkil edərək, qeyri-neft ÜDM-ində 8,3 faiz paya malik olmuşdur. Bu rəqəmlər kiçik görünə bilər, amma regionlarımızda məşğulluğun təxminən 50 faizinin aqrar sektor hesabına təmin olunduğunu, eyni zamanda ölkə əhalisinin müxtəlif kənd təsərrüfatı məhsulları ilə təmin olunmasının strateji hədəf olduğunu nəzərə alsaq, o zaman kənd təsərrüfatının Azərbaycan üçün çox əhəmiyyətli iqtisadi sahə olduğu şübhəsizdir.

Bu baxımdan mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki görülən işlərin miqyasının, siyasi-iqtisadi hədəflərin, rəqəmsal transformasiyanın, su idarəçiliyinin təhlili və investisiya çağırışları ilə diqqəti cəlb edən nitqi Azərbaycanın aqrar sektorunda “ekstensiv inkişafdan intensiv inkişafa keçid” mərhələsini rəsmiləşdirən, rəqəmlərə əsaslanan və sahibkarlara konkret yol xəritəsi təqdim edən strateji bir proqram kimi qəbul etmək lazımdır.

2004-cü ildən başlayaraq qəbul edilən makroiqtisadi, regional və sahəvi dövlət proqramları nəticəsində o dövrə qədər qaz, elektrik və su təchizatının çox zəif və ya problemli, avtomobil yollarının yararsız olduğu bölgələrimizdə genişmiqyaslı infrastruktur layihələri icra edildi. Nəticədə kəndləri dirçəltmək, kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq, elektrik enerjisi ilə bağlı problemi kökündən həll etmək, azad edilmiş torpaqlar istisna olmaqla, ölkə üzrə qazlaşmanın səviyyəsini 96 faizə çatdırmaq, böyük su anbarları və kanalların inşası və ya yenidən qurulması nəticəsində aqrar sektorda sürətli inkişafa, məhsul istehsalında əhəmiyyətli artıma, regionlarda məşğulluq probleminin həllində mühüm nəticələrə nail olundu. Qeyd edək ki, erməni işğalı altında olan ərazilərimizin azad edilməsi həm Qarabağ iqtisadi regionunun, həm də ətraf rayonların suvarma suyu ilə təchizatında əlavə geniş imkanlar yaradıb ki, Şirvan və Qarabağ su kanallarının yenidən qurulması kənd təsərrfatının inkişafına mühüm töhfə olacaq. Son 20 il ərzində ölkəmizdə kənd təsərrüfatı texnikası parkı tamamilə yenidən formalaşdırıldı və Azərbaycanda aqrar sektorda istifadə olunan texnika istehsalına başlandı. Karbamid zavodunun inşası ilə azot gübrəsinə olan ehtiyac tam təmin edildi. 400 min ton tutumlu soyuducu anbarlar yaradıldı. Bundan başqa, qlobal miqyasda az rast gəlinən dövlətlərdən biri kimi, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq etməklə və dövlət xətti ilə bir çox layihələr həyata keçirməklə, tənəzzüldə olan bir sıra sahələr (pambıqçılıq, baramaçılıq, ipəkçilik və s.) radikal şəkildə dirçəldildi, bütövlükdə kənd təsərrüfatının inkişafına böyük təkan verildi.

Bununla belə, beynəlxalq miqyasda baş verən bir sıra obyektiv və subyektiv proseslər və meyillər (müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı çətinliklər, genişmiqyaslı urbanizasiya və s.) aqrar sahənin inkişafı üçün ciddi təhdidlər yaradır. Bütün bunlara öz çıxışında geniş toxunan Prezident İlham Əliyev ötən müddətdə icra edilmiş dövlət proqramları nəticəsində əldə olunmuş mühüm irəliləyişə baxmayaraq, son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluqdan duyduğu narahatlığı diqqətə çatdıraraq, aqrar sektörün inkişafına yeni təkan vermək məqsədilə yeni Dövlət Proqramının hazırlandığını bildirdi. Yeni proqramın cəmi 4 il yarımı (2026-2030) əhatə etməsi, bu sahədə qısamüddətli və çevik strategiya yürütməklə, dərhal nəticəyə yönəlmiş idarəetmə modelinə keçildiyini göstərir. Dövlət başçısı genişmiqyaslı urbanizasiyanın mənfi meyillərinə qarşı əks-urbanizasiya – “şəhərdən kəndə qayıdış” tezisini irəli sürərək, bunun üçün kənd və şəhər arasındakı infrastruktur və xidmət fərqinin sıfırlanması sahəsində indiyədək ciddi sosial və xidmət infrastrukturunun yaradıldığını, bundan sonra bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün kənd təsərrüfatının inkişafına yeni təkan verilməsinin əsas hədəf olduğunu qeyd etdi.

Azərbaycan Prezidenti çıxışında yerli investorlarla yanaşı, xarici sərmayədarların da qarşıdakı mərhələdə kənd təsərrüfatının inkişafı nəzərdə tutulmuş sahələrə cəlb olunmasından da bəhs etdi: “Eyni zamanda, biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər”. Azərbaycanın son illərdə öz ərazi bütövlüyünü təkbaşına bərpa etməsi, regionda iqtisadi və nəqliyyat layihələrinin şərtlərini diktə etməsi, Qoşulmama Hərəkatına uğurlu sədrliyi və böyük qlobal sammitlərin mərkəzinə çevrilməsi ölkəmizin məhz bu statusda (orta güc olaraq) qəbul edilməsini təmin edib.

Qeyd edək ki, orta güc beynəlxalq münasibətlər nəzəriyyəsində ABŞ və Çin kimi supergüclər ilə kiçik dövlətlər arasında qərarlaşan, həm hərbi-siyasi, həm də iqtisadi cəhətdən öz regionunda və beynəlxalq arenada ciddi təsir imkanlarına malik olan dövlətləri xarakterizə edən bir statusdur. Orta güclər adətən yerləşdikləri regionda təhlükəsizlik arxitekturasını, logistik marşrutları və siyasi balansı müəyyən edən əsas oyunçu olurlar. Onların razılığı və ya iştirakı olmadan regionda hər hansı irimiqyaslı iqtisadi və ya hərbi layihənin reallaşması qeyri-mümkünə çevrilir. Bu statusa malik ölkələr böyük güclərin diktəsi ilə hərəkət etmir, tamamilə öz milli maraqlarına söykənən müstəqil siyasət yürüdürlər. Onlar qlobal qütblər arasında neytral mühit yarada, həm Qərb, həm də Şərq bloku ilə eyni vaxtda bərabərhüquqlu tərəfdaşlıq qura bilirlər. Orta güclərin ən böyük silahı onların “yumşaq gücü” və diplomatik nüfuzudur. Onlar münaqişələrdə neytral vasitəçi (məsələn, sülh danışıqlarının aparıldığı məkan) kimi çıxış edir və qlobal miqyaslı tədbirlərə (COP, Ümumdünya Şəhərsalma Forumu, Davos Forumu və s.) ev sahibliyi etməklə beynəlxalq gündəliyi formalaşdırırlar. Bu ölkələr qlobal tədarük zəncirlərində (məsələn, enerji dəhlizləri, Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutları) mühüm qovşaq rolunu oynayırlar. Onlar təkcə resurs ixrac etmir, həm də regional və qlobal layihələrin əsas investoruna və donoruna çevrilirlər. Göründüyü kimi, Azərbaycan özünün orta güc statusunu düşünülmüş praqmatik və etibarlı şəkildə təmin edib.

Müşavirədə Prezident İlham Əliyev tərəfindən açıqlanan investisiya yükünün həcmi aqrar sektörün qarşıdakı müddətdə inkişafı üçün miqyasın böyüklüyünü və cəlbediciliyini göstərir: təxmini hesaplamalara görə “dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq”.

Müşavirədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamın imzalanması müəyyənləşdirilən hədəflərin və tapşırıqların dərhal hüquqi və icra mexanizminə çevrilməsi üçün ortaya qoyulan siyasi iradənin nəticəsidir. Sərəncam və təsdiq edilən Dövlət Proqramı dövlət aparatını, maliyyə qurumlarını və rəqəmsal infrastrukturu eyni vaxtda hərəkətə gətirən çoxşaxəli və institusional bir islahat paketidir.

Dövlət Proqramının adında kənd təsərrüfatı ilə bərabər balıqçılıq və akvakultura sahələrinin də qeyd edilməsi diqqət çəkir. Müşavirədə balıq məhsulları üzrə təminatın 81 faiz, idxalın 23 min ton olduğu vurğulanmışdı. Bu Sərəncamla balıqçılıq sahəsi ilk dəfə olaraq bitkiçilik və heyvandarlıqla eyni səviyyəli strateji prioritet statusu alır. Hüquqi prosedurların istehsala mane olmasının və ya ləngitməsinin qarşısını almaq üçün Sərəncamda torpaqların təyinatının dəyişdirilməsi məsələsinin həlli qoyulur, Nazirlər Kabinetinə 6 ay ərzində buğda, pambıq və heyvandarlıq üçün nəzərdə tutulan torpaqların kateqoriyasının sürətlə dəyişdirilməsi ilə bağlı tapşırıq verilir. Prezidentin müşavirədə bəyan etdiyi özəl sektordan gözlənilən 3 milyard manatlıq investisiyanı cəlb etmək üçün Sərəncamda konkret maliyyə alətləri də müəyyən edilir.

Ölkədəki bütün iri və xırdabuynuzlu heyvanların dövlət büdcəsi hesabına tam identifikasiyasının nəzərdə tutulmasını və müvafiq məlumatların “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminə daxil edilməsi və “Elektron kənd təsərrüfatı” informasiya sisteminə ötürülməsi Prezidentin çıxışında tələb etdiyi dəqiq analiz, rəqəmsallaşma və süni intellektin tətbiqi üçün fundamental baza yaradır. Bu sayədə real heyvan sayı, xəstəliklər və ət/süd potensialı rəqəmsal nəzarətdə olacaq. Bu sahədəki rəqəmsal transformasiyanı Azərbaycan heyvandarlığında inqilabi addım saymaq olar.

Nəhayət, Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsinin birbaşa Kənd Təsərrüfatı Nazirliyinə deyil, müstəqil analitik mərkəzə – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılması dövlət vəsaitlərinin xərclənməsində şəffaflığı təmin etmək və hesabatların obyektivliyini qorumaq məqsədi daşıyır.

Beləliklə, Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı və həmin gün imzaladığı müvafiq Sərəncam Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığını azaltmaq üçün aqrar sahədə “böyük sıçrayış” etmək niyyətində olduğunu göstərir. Sərəncam Azərbaycanın 2030-cu ilə qədər olan aqrar mənzərəsini formalaşdıracaq hüquqi-iqtisadi platformadır. Sənəd ərzaq təhlükəsizliyini təmin etmək üçün təkcə Kənd Təsərrüfatı Nazirliyini deyil, həm də maliyyə, suvarma, qida təhlükəsizliyi və iqtisadiyyat qurumlarını vahid zəncirdə birləşdirir. Müəyyənləşdirilən strategiya rəqəmsal texnologiyalara, su ehtiyatlarının maksimal səmərəliliyinə və idxalı əvəzləyən istehsala əsaslanır və ölkəmizdə kənd təsərrüfatının idarə edilməsinə “ağıllı sənaye” yanaşmasının gətirilməsini nəzərdə tutur.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
sesqazeti.az

1Mənbələr