AZ

Humanoid robotların inkişafı üçün yeni platforma təqdim edilib  

“NVIDIA” şirkəti humanoid robotların hazırlanmasını sürətləndirmək məqsədilə yeni “Isaac Gr00t” platformasını nümayiş etdirib. Şirkətin baş direktoru Jensen Huang tərəfindən elan edilən platforma tədqiqatçılar və robototexnika mühəndisləri üçün açıq proqram təminatı, süni intellekt modelləri və hazır avadanlıq həllərini bir araya gətirir.

Yeni referans dizayn platformasının əsasını təxminən 1,8 metr hündürlüyündə olan “Unitree H2 Plus” humanoid robotu təşkil edir. “Robot 31” hərəkət sərbəstliyi (degrees of freedom) ilə təchiz olunub və müxtəlif mürəkkəb hərəkətləri yerinə yetirə bilir. “NVIDIA” bildirib ki, platforma daha əlçatan qiymətə malik “Unitree G1” humanoid robotunu da dəstəkləyəcək.

“Isaac Gr00t” platformasında robotun əlləri üçün “Sharpa” şirkətinin 22 hərəkət sərbəstliyinə malik beşbarmaqlı toxunma hissiyyatlı mexaniki əllərindən istifadə olunur. Bundan əlavə, robot baş hissəsində stereo kamera, biləklərdə əlavə kameralar və müxtəlif hərəkət sensorları ilə təchiz edilib. Sistemin hesablama gücü “NVIDIA”nın “Jetson AGX Thor T5000” platforması tərəfindən təmin edilir. “Blackwell” arxitekturalı GPU ilə təchiz olunan bu sistem 128 GB vahid yaddaş, eləcə də 40-130 vatt arasında dəyişən enerji istehlakı təklif edir. Robotun 15 Ah batareyası isə təxminən 3 saatlıq iş müddəti təmin edir.

 

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
76
azerbaijan-news.az

1Mənbələr