Mütəxəssislər Çin istehsalı olan avtomobillərdə ən çox rast gəlinən texniki problemləri açıqlayıblar. Araşdırmalara görə, bu avtomobillərin zəif nöqtələri əsasən asqı sistemi, elektronika və boya örtüyü ilə bağlıdır.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Avtomobil sahəsi üzrə ekspert Roman Timaşov bildirib ki, bir çox Çin markalarında asqı sisteminin tez sıradan çıxması, şarovoy və səssiz blokların sürətlə aşınması müşahidə olunur. Bundan əlavə, salonun bəzi üzlük materiallarının keyfiyyətinin aşağı olması, boya və xrom örtüyünün tez zədələnməsi, eləcə də korroziyaya qarşı dayanıqlığın zəif olması əsas çatışmazlıqlar sırasındadır.
Ekspert vurğulayıb ki, bu problemlər bütün markalara aid deyil və hər bir istehsalçının özünəməxsus üstünlükləri və çatışmazlıqları var.
Beynəlxalq avtomobil servis şəbəkəsinin texniki direktoru Nikita Rodionov isə qeyd edib ki, iri Çin avtomobil istehsalçıları fəaliyyət göstərdikləri bazarların xüsusiyyətlərini nəzərə alaraq modellərini uyğunlaşdırırlar. Onun sözlərinə görə, xüsusilə Rusiya bazarı üçün avtomobillərin iqlim paketi təkmilləşdirilir, asqı sistemi pis yol şəraitinə uyğunlaşdırılır, elektron idarəetmə blokları yerli yanacaq keyfiyyətinə uyğun sazlanır. Bəzi modellər isə birbaşa yerli zavodlarda yığılır.
NURİYYƏ