AZ

Məzuniyyətin gecikdirilməsi qanun pozuntusudur? -Vəkil AÇIQLADI

"Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, işçinin ilk iş ili üçün məzuniyyət hüququ əmək müqaviləsi bağlandığı andan etibarən 6 ay işlədikdən sonra formalaşır. Lakin bu hüququn faktiki icrası tam 1 ilin tamam olduğu gün mütləq və avtomatik şəkildə reallaşmalı olan bir rejim kəsb etmir. Qanunverici Əmək Məcəlləsinin 133-cü maddəsində istehsalatın normal gedişatını qorumaq məqsədilə məzuniyyətlərin növbəlilik cədvəlləri əsasında tənzimlənməsini nəzərdə tutmuşdur".

Bu barədə Redaktor.az-a açıqlamasında Azərbaycan İstehlakçılar Şurasının Sədri, vəkil Roman Qaraşov bildirdi.

"Əmək Məcəlləsinin 138.2-1-ci maddəsinin xüsusi tənzimləməsinə görə, işçi işəgötürənin yazılı xəbərdarlığına baxmayaraq məzuniyyətə çıxmaq üçün ərizə ilə müraciət etməzsə, işəgötürən öz əmri ilə onu məcburi məzuniyyətə göndərmək hüququna malikdir. Başqa sözlə, qanunvericilik hər iki tərəfə müəyyən çeviklik tanısa da, prosesin özbaşına buraxılmasını deyil, hər il yanvarın sonunadək təsdiq edilən qrafiklər və ya tərəflərin qarşılıqlı razılığı əsasında idarə olunmasını tələb edir.

Məsələn işçinin məzuniyyəti 1 il 7 aydan, yəni 19 aydan sonra götürmək istəməsi həm işçinin iradə sərbəstliyi, həm də qanunun icazə verdiyi hüquqi çərçivə baxımından qanunidir. Belə gecikmə özü-özlüyündə müəssisə üçün birbaşa cərimə sanksiyası yaratmır. Əmək Məcəlləsinin 134-cü maddəsi əmək məzuniyyətinin cari iş ilindən növbəti iş və ya təqvim ilinə keçirilməsinə hüquqi əsas yaradır. Həmçinin Əmək Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, istifadə edilməyən məzuniyyət hissəsinin növbəti iş ilinin məzuniyyətinə birləşdirilməsi mümkündür. 1 il 7 aylıq müddət daxilində işçi faktiki olaraq artıq ikinci iş ilinin içərisində olur. Bu halda o, birinci iş ilindən qalan məzuniyyət günlərini cari dövr üzrə məzuniyyət günləri ilə birləşdirərək istifadə edə bilər. Bu proses işçinin yazılı ərizəsi və işəgötürənin müvafiq əmri ilə rəsmiləşdirildiyi halda, yəni Əmək Məcəlləsinin 138-ci maddəsinin tələblərinə uyğun həyata keçirildikdə, ortada hüquq pozuntusu yaranmır".

Müsahibimiz vurğuladı ki, inzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə nəzərdə tutulan cərimələr isə yalnız xüsusi hallarda tətbiq olunur:

"Bu hallar, əsasən, işəgötürənin işçinin qanuni tələbinə baxmayaraq məzuniyyəti qəsdən verməməsi və ya Əmək Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş imperativ qadağanı pozaraq işçiyə ardıcıl iki il ərzində növbəti əmək məzuniyyətini ümumiyyətlə təqdim etməməsi ilə bağlıdır.

Əmək münasibətlərində imperativ qadağaların və maliyyə öhdəliklərinin düzgün idarə edilməsi işəgötürəni həm dövlət yoxlamaları zamanı potensial risklərdən, həm də əmək müqaviləsinə xitam verilərkən yarana biləcək kompensasiya yükündən qoruyur. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 144.2-ci maddəsi işəgötürənin üzərinə birmənalı öhdəlik qoyur: işçinin istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyət günlərinə görə hər hansı məhdudiyyət tətbiq edilmədən kompensasiya ödənilməlidir. Eyni zamanda, Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə, məzuniyyət haqqı hesablanarkən işçinin son 12 təqvim ayının orta əməkhaqqı əsas götürülür. Bu səbəbdən məzuniyyətlərin illərlə yığılıb sonradan, məsələn, əməkhaqqı artımından sonra istifadə edilməsi və ya əmək müqaviləsinə xitam zamanı kompensasiya kimi ödənilməsi işəgötürənin maliyyə xərclərini əhəmiyyətli dərəcədə artıra bilər. Beləliklə, 1 il 7 aylıq gecikmə özlüyündə qanunsuz hesab edilməsə də, korporativ risklərin minimallaşdırılması və kargüzarlığın düzgün aparılması baxımından məzuniyyətlərin vaxtında planlaşdırılması daha məqsədəuyğundur. Bu baxımdan, Əmək Məcəlləsinin 138.3-cü maddəsinin tələbləri də nəzərə alınmaqla, məzuniyyətlərin hər bir iş ili daxilində və ya ən gec növbəti iş ilinin ilk aylarında qrafik əsasında reallaşdırılması ən doğru hüquqi yanaşma hesab olunur".

Aytəkin TOFİQQIZI

Seçilən
58
1
redaktor.az

2Mənbələr