Şəkərin müntəzəm və həddindən artıq qəbulu təkcə çəki artımına deyil, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu haqda dietoloq Viktoriya Kostrova lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, artıq şəkər mədəaltı vəzinin fəaliyyətini yükləyir, hüceyrələrin insulinə həssaslığını azaldır və nəticədə qanda qlükozanın səviyyəsi yüksəlir. Bu vəziyyət damarların zədələnməsinə, həmçinin daxili orqanların ətrafında piy yığılmasına gətirib çıxara bilər.
Mütəxəssis qeyd edib ki, şəkərin çox istifadəsi qocalma prosesini də sürətləndirir. Şəkər molekulları kollagen və elastin liflərinə təsir edərək dəridə vaxtından əvvəl qırışların, sallanmaların və solğunluğun yaranmasına səbəb olur.
Kostrova əlavə edib ki, sadə karbohidratların çoxluğu bağırsaq mikroflorasını pozur, faydalı bakteriyaların sayını azaldır və iltihabi prosesləri gücləndirir. Bu isə şişkinlik, sızanaq, allergiya və immunitetin zəifləməsi ilə nəticələnə bilər.
Dietoloqun fikrincə, həddindən artıq şəkər qəbulu orqanizmdə B və C vitaminləri, maqnezium, sink və xrom kimi vacib maddələrin ehtiyatını da azaldır. Nəticədə xroniki yorğunluq, narahatlıq və yuxu problemləri yarana bilər.
Mütəxəssis vurğulayıb ki, şəkər qanda qlükoza səviyyəsinin sürətlə yüksəlib-enməsinə səbəb olur. Bu isə enerji və əhval-ruhiyyədə dalğalanmalar yaradır, insanın yenidən şirniyyata meylini artırır. Buna görə də şəkərdən ölçülü istifadə etmək sağlamlığın qorunması baxımından vacibdir.
Aytəkin TOFİQQIZI