40 yaşdan sonra 25 yaşdakı kimi qidalanmaq təhlükəlidir. Çünki bu yaşdan sonra bədən tədricən "təyinatlarını" dəyişir: maddələr mübadiləsi yavaşlayır, əzələ kütləsi azalır, sümük itkisi sürətlənir və ürək-damar xəstəlikləri, karbohidrat mübadiləsi pozğunluqları riski artır. 25 yaşınızdakı kimi yeməyə davam etsəniz, asanlıqla çəki ala; qan təzyiqinizi və qan şəkərinizi yüksəldə zülal, kalsium, D vitamini və B vitamini çatışmazlığı yaşaya bilərsiniz. Bunlar da bir müddət sonra sümüklərə, əzələlərə, enerjiyə və idrak funksiyasına təsir göstərəcək. Odur ki, bu yaşdan sonra qidalanma rejimini dəyişməyənlər təhlükə altındadır.
Publika.az xəbər verir ki, bu barədə endokrinoloq Nataliya Tananakina "Gazeta.Ru"ya bildirib.
Həkimin sözlərinə görə, 40 yaşdan sonra əsas prinsip "pəhriz" deyil, qida rejimini uzun müddət əzələləri, sümükləri, ürəyi və beyni dəstəkləyəcək şəkildə yenidən qurmaqdır.
"Bunun üçün qan analizinizi, çəkinizi, aktivlik səviyyənizi və xroniki xəstəliklərinizi nəzərə alaraq pəhrizinizi ən azı bir dəfə həkim və ya diyetoloqla müzakirə etməyiniz faydalıdır.
40 yaşdan sonra pəhrizinizin əsasını aşağıdakılar təşkil etməlidir: kifayət qədər zülal (balıq, quş əti, yumurta, süd məhsulları, paxlalılar, tofu), gündəlik tərəvəz və meyvələr, tam taxıllar, toxumlar və yüksək keyfiyyətli bitki yağları", - deyə o bildirib.