Saçların kökündən qırılması və ya həddindən artıq uclarının sınması orqanizmdə müəyyən problemlərin göstəricisi ola bilər. Dermatoloq Ruzilya Kim bildirib ki, belə hallar xüsusilə dəmir və zülal çatışmazlığı ilə əlaqəli ola bilər.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Həkimin sözlərinə görə, normal şəraitdə saçın qoruyucu qatı olan kutikula saç telinin elastikliyini və möhkəmliyini təmin edir. Lakin bu qat zədələndikdə saç kövrəkləşir və həm uclardan, həm də kök hissədən asanlıqla qırılır.
Mütəxəssis qeyd edib ki, saçların zədələnməsinin ən geniş yayılmış səbəblərindən biri aqressiv xarici təsirlərdir. Fen, saç düzləşdiricisi və buruq alətlərindən tez-tez istifadə, saçların boyanması, kimyəvi prosedurlar, hovuz suyundakı xlor, günəş şüaları, quru hava və soyuq hava saçların strukturuna mənfi təsir göstərə bilər.
Bundan əlavə, saçların yaş halda kobud daraqlanması, sərt dişli daraqlardan istifadə, dəsmalla güclü sürtülməsi və çox sıx yığılmış saç düzümləri də saç telinin zədələnməsinə səbəb olur.
Dermatoloq vurğulayıb ki, saç baxımı düzgün aparıldığı halda problemin səbəbi orqanizmdə axtarılmalıdır. Onun sözlərinə görə, sərt pəhrizlər, zülal çatışmazlığı, dəmir azlığı və digər mikroelement çatışmazlıqları saçın keyfiyyətinə birbaşa təsir edir. Eyni zamanda, qalxanabənzər vəzin bəzi xəstəlikləri, xüsusilə hipotireoz da saçların kövrəkləşməsinə səbəb ola bilər.
Həkim əlavə edib ki, əgər saçlar sadəcə uclardan qırılmır, birbaşa kökdən qopursa, bu, dermatoloji xəstəliklərin əlaməti ola bilər. Belə hallarda göbələk infeksiyaları, o cümlədən dəmrov və trixofitiya, həmçinin seboreya dermatiti, psoriaz və follikulit kimi iltihabi xəstəliklərdən şübhələnmək mümkündür.
Mütəxəssislər bildirirlər ki, saçlarda uzun müddət davam edən qırılma və tökülmə halları müşahidə olunarsa, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək vacibdir.
NURİYYƏ