Dəmirçilər rayonumuzun böyük yaşayış kəndlərindəndir. Hazırda kəndin 1500 nəfərdən artıq əhalisi var. Sakinlərimizin əsas məşğuliyyəti əkinçilikdir. Hər il bu sahədən götürülən qazanc demək olar ki, əhalinin dolanışığını təmin edir.
Ancaq son illər kəndin əkin sahələrinin su ilə təminatında problemlər yaranmışdı. Kəndin daxilindən keçən su kanalında olan mövcud problem bizə imkan vermirdi ki, əkilmiş sahələri vaxtında suvaraq. Bu barədə rayon rəhbərliyinə xahişlə müraciət etdik. Təcili tədbirlər görüldü. Dəmirçilər kəndində sakinlərə məxsus pay torpaqlarını suvarma suyu ilə təmin edən arxın əsaslı şəkildə təmirinə başlanıldı. Arx kol-kosdan təmizləndi və ümumi uzunluğu 6 min metr olan arxın 4710 metr hissəsinə yeni polietilen boru çəkildi.
Hörmətli redaksiya! İndi kəndin əkin sahələri demək olar ki, su ilə tam təmin olunur. Kənd sakinləri qəzetiniz vasitəsilə bu işdə əməyi olan təşkilatlara minnətdarlıqlarını bildirirlər.
Oruc MURADOV,
Qazax rayonunun Dəmirçilər kənd sakini