AZ

İsrail və Livan arasındakı atəşkəs razılaşması nefti ucuzlaşdırıb

İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasının İranla ABŞ-İsrail müharibəsinin dayandırılması üzrə daha geniş razılaşma ilə bağlı ümidləri artırması, həmçinin ABŞ Nümayəndələr Palatasının Prezident Donald Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnaməni təsdiqləməsi xəbərləri nefti ucuzıaşdırıb.

Banker.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin avqust fyuçersləri 0.67 dollar və ya 0.69% ucuzlaşaraq bir barel üçün 97.14 dollara düşüb. ABŞ-ın WTI markalı nefti isə 0.62 dollar və ya 0.65% azalaraq 95.40 dollar olub.

Hər iki neft markası düməm təxminən 2% bahalaşmışdı. Buna İranın Küveytə hücumları və ABŞ hərbçilərinin Hörmüz boğazı yaxınlığında həyata keçirdiyi zərbələr də daxil olmaqla, Yaxın Şərqdə yenidən alovlanan hərbi qarşıdurmalar səbəb olmuşdu.

ABŞ-da Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələr Palatası çərşənbə günü Trampın İrana qarşı hərbi əməliyyatları davam etdirməsinin qarşısını almağa yönəlmiş qətnaməni qəbul edib. Qətnamənin qüvvəyə minməsi üçün Senatın təsdiqi və Trampın veto hüququnun aşılması məqsədilə hər iki palatada üçdə iki səs çoxluğu tələb olunur.

Tramp çərşənbə günü bildirib ki, İranla danışıqlarda artıq bu həftəsonu irəliləyiş əldə oluna bilər.

İranın xarici işlər naziri Abbas Araqçi isə Vaşinqtonla təmasların kəsilmədiyini, lakin danışıqlarda irəliləyiş olmadığını deyib. Onun sözlərinə görə, tərəflər mübadilə edilmiş mətnləri araşdırırlar.

Bu arada, ABŞ-ın Enerji İnformasiyası Administrasiyasının məlumatına görə, mayın 29-da başa çatan həftədə ölkənin kommersiya neft ehtiyatları 8 mln. barel azalaraq 433.7 mln. barelə enib. Analitiklər isə ehtiyatların 4 mln. barel azalacağını proqnozlaşdırmışdılar.

Analitiklər qeyd edirlər ki, qlobal neft ehtiyatlarının sürətlə azalması fonunda bazarda davam edən təklif-tələb balanssızlığı neft qiymətlərini mövcud diapazonun yuxarı hissəsinə doğru yönəldə bilər. Buna görə də geosiyasi risklər azalsa belə, bazarda qiymətlərin yüksək səviyyədə qalması ehtimalı davam edir.

Seçilən
48
50
banker.az

10Mənbələr