AZ

Ebola ilə mübarizədə logistika böhranı dərinləşir

Konqo Demokratik Respublikasının şərqində Ebola virusunun yayılmasının qarşısını almağa çalışan səhiyyə işçiləri ciddi logistika problemləri ilə üzləşiblər. Sərhədlərin bağlanması, epidemiya ocağında karantin rejiminin tətbiqi, daxili uçuşlara məhdudiyyətlər və silahlı münaqişələr səbəbindən bəzi yolların bağlanması yardım əməliyyatlarını çətinləşdirir.

QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislər bildirirlər ki, bu məhdudiyyətlər tibbi ləvazimatların və humanitar yardım əməkdaşlarının ehtiyac duyulan bölgələrə çatdırılmasını ləngidir. Eyni zamanda, səhiyyə işçiləri xəstələrin müalicəsi ilə yanaşı, virusun yayılma miqyası barədə dəqiq məlumat əldə etməkdə çətinlik çəkirlər.

Beynəlxalq Xilasetmə Komitəsinin (IRC) məlumatına görə, Ebola virusu aşkarlanmadan əvvəl təxminən üç ay ərzində bölgədə yayılmış ola bilər. Hazırda bu Ebola növünə qarşı istifadə üçün təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə vasitəsi mövcud deyil.

“Médecins Sans Frontières” (Sərhədsiz Həkimlər) təşkilatının Konqo Demokratik Respublikasındakı fövqəladə hallar üzrə koordinatoru Natali Roberts bildirib ki, hazırda yoluxma hallarının dəqiq sayı və virusun hansı ərazilərdə yayıldığı barədə aydın məlumat yoxdur.

Onun sözlərinə görə, həm şübhəli, həm də təsdiqlənmiş Ebola hallarının real sayı barədə qeyri-müəyyənlik qalmaqdadır ki, bu da epidemiya ilə mübarizə tədbirlərini daha da mürəkkəbləşdirir.

Mütəxəssislər hesab edirlər ki, logistika problemlərinin aradan qaldırılması və bölgələrə çıxış imkanlarının genişləndirilməsi Ebola ilə mübarizənin effektivliyi üçün həlledici əhəmiyyət daşıyır.

Piranə Xasiyeva

Seçilən
35
qht.az

1Mənbələr