Vaşinqtonda keçirilən danışıqların yekunlarına əsasən, tərəflər atəşkəs razılaşmasının həyata keçirilməsi mexanizmlərini təsdiqləyiblər…
Livan və İsrail nümayəndə heyətləri ABŞ-da keçirilən danışıqların yekunlarına əsasən atəşkəs rejiminin tətbiqi ilə bağlı razılıq əldə ediblər.
Poliqon xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Vaşinqtonda aparılan intensiv danışıqlar nəticəsində tərəflər mövcud atəşkəs sazişinin icrası mexanizmini və cədvəlini razılaşdırıblar. ABŞ hər iki tərəfi bu addımı atmaya görə tərifləyib və atəşkəs rejiminin davamlı olması üçün zəruri dəstəyi göstərməyə davam edəcəyini bildirib.
Diplomatik mənbələrin məlumatına görə, razılaşma çərçivəsində tərəflər bir-birlərinin ərazilərinə hərbi hücumların dayandırılması, atəşkəsə nəzarət mexanizmlərinin gücləndirilməsi və münaqişə zonasından mülki şəxslərin təxliyəsi məsələlərini əhatə edən tədbirlər planını təsdiqləyiblər.
Hər iki ölkənin nümayəndə heyətləri ABŞ administrasiyasının vasitəçilik səylərini yüksək qiymətləndirərək, atəşkəsin davamlı olması üçün öhdəlik götürdüklərini bəyan ediblər. Danışıqlarda iştirak edən ABŞ rəsmiləri isə bu razılaşmanın regionda sabitliyin bərqərar olması istiqamətində mühüm addım olduğunu vurğulayıblar.
Poliqon.info