"Müzakirəyə təqdim olunan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə layihə ölkəmizin rəqəmsal inkişaf strategiyasında yeni mərhələnin hüquqi əsaslarını müəyyənləşdirir. Bu qanun layihəsi ölkəmizin kibertəhlükəsizlik arxitekturası üçün strateji əhəmiyyət daşıyır. Məhz bu dəyişikliklər digər layihələrlə birgə bir neçə gün oncə Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə müzakirə olunan məsələlərin məntiqi nəticəsidir. Bu cür çevik fəaliyyət ölkəmizdə rəqəmsal inkişafın ən yüksək icra səviyyəsinin göstəricisidir".
Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü Plenar iclasında Millət vəkili Kamal Cəfərov səsləndirib.
Deputat qeyd edib ki, kibertəhlükəsizlik arxitekturası bu sahədəki inkişafın onurğa sütunudur:
"Elə bu məsələ ilə bağlı hörmətli Mehriban xanım qeyd etdi ki, süni intellektin inkişafı fonunda yaranan yeni təhlükələrə, xüsusilə informasiya təhlükəsizliyi risklərinə hazır olmalıyıq, bu sahədə atılan bütün addımlar milli maraqlarımıza cavab verməlidir.
Mən bu gün məsələyə məhz süni intellektin etik və hüquqi idarəçiliyi prizmasından yanaşmaq istəyirəm. Çünki qanun layihəsinə istifadəçilərin kibertəhlükəsizliyini təmin etmək və riskləri azaltmaq üçün davranış qaydalarını özündə cəmləşdirən "kibergigiyena" kimi mühüm bir anlayış gətirilir.
Kibtertəhlüksəziliyi təmin etmək dövlətin vəzifəsidir, kibergigiyena isə vətəndaşın məsuliyyətidir. Bu gün vətəndaşlarımız, dövlət qulluqçularımız və sahibkarlarımız gündəlik işlərini asanlaşdırmaq üçün ChatGPT kimi böyük dil modellərindən istifadə edirlər.
Lakin burada çox mühüm bir nüans var. Süni intellektlə paylaşdığınız şəxsi və həssas məlumatlar, sirlər sizin əleyhinizə istifadə edilə bilər. Çünki süni intellek sizin sirdaşınız yox, nəhəng bir məlumat toplayıcısıdır.
Bunun səbəbi elə bu texnologiyanın öz təbiətindədir. ChatGPT-nin rəsmi Məxfilik Siyasətində (Privacy Policy) çox açıq şəkildə qeyd olunur ki, istifadəçilərin sistemə daxil etdiyi məlumatlar alqoritmlərin və modellərin təkmilləşdirilməsi üçün istifadə edilə bilər.
Üstəlik, süni intellekt alətlərinə daxil etdiniz məlumatlar modelin daha da inkişaf etdirilməsi məqsədilə real insanlar tərəfindən oxunub analiz edilə bilir".
Millət vəkili vurğulayıb ki, Siz ekrandakı "sil" düyməsini bassanız belə, daxil etdiyiniz həssas məlumat artıq o qlobal "qara qutunun" yaddaşının ən az 5 il tərkib hissəsidir:
"Bunun nə qədər ciddi təhlükə olduğunu sübut edən bir nümunəni qeyd etmək istəyirəm.
2023-cü ilin mart ayında ChatGPT-də baş vermiş texniki xəta nəticəsində bəzi istifadəçilərin şəxsi yazışmalarının başlıqları, hətta bir qisminin profil və ödəniş məlumatları digər istifadəçilərin ekranlarında peyda oldu. Təsəvvür edin ki, siz ora ailə münasibətləriniz, biznes planınız, hüquqi sənədləriniz, xəstəlik tarixçəsininizi yükləyirsiniz, ancaq sizin "məxfi" hesab etdiyiniz söhbət başqa bir istifadəçinin ekranında görsənə bilər.
Biz ölkəmizdə rəqəmsal inkişafı təmin etmək üçün ən innovativ həlləri dövlət idarəetməsinə gətiririk. Amma eyni zamanda, rəqəmsal savadlılığı və bu qanun layihəsində qeyd olunan "kibergigiyena" davranışlarını cəmiyyətimizdə formalaşdırmalıyıq. Süni intellekt çox güclü bir alətdir, lakin ondan məsuliyyətlə və ehtiyatla istifadə etmək, məlumat suverenliyimizi qorumaq bizim əsas prioritetimizdən biridir.
Bu məqsədlə ixtisaslaşmış dövlət qurumları tərəfindən süni intellektdən məsuliyyətlə istifadəyə dair təlim proqramları hazırlanmalı, fərdi və həssas məlumatlar işləyən dövlət qulluqçularına xüsusi praktiki təlimlər keçirilməlidir".
Pərvin Şakirqızı